38 yaşlı Taleh Kazımov "Paşa Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsindən Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə gətirildi.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Komitədən verilən məlumata görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi təqdimaları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
Qeyd edək ki, Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub.
Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Unuversitetiilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.
Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlayıb, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib.
Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsində. 2007-ci ilin yanvar ayından aprel ayınadək isə "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.
Taleh Kazımovun “Paşa Bank”da da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.
Taleh Kazımov 7 dekabr 2011-ci ildən "Paşa Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.
1 iyul 2015-ci il tarixində Taleh Kazımov "Paşa Bank"ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir və İdarə Heyətinə sədrlik edir, Mərkəzi Bankı təmsil edir, rəhbər heyət arasında vəzifə bölgüsünü aparır və Qanunun 24-cü maddəsinə əsasən İdarə Heyətinin səlahiyyətinə aid olmayan məsələləri həll edir.
Mərkəzi Bank ölkə regionlarında öz funksiyalarını yaratdığı ərazi idarələri vasitəsilə həyata keçirir. Naxçıvan Muxtar Respublikası İdarəsi daxil olmaqla hazırda ölkə ərazisində Mərkəzi Bankın altı ərazi idarəsi fəaliyyət göstərir.
JASMİN