“Beynəlxalq Yer Günü” ilə əlaqədar bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova TEZADLAR.AZ-a bildirib ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. Tədbirin sonunda iştirakçılara ETSN-in və BMT-nin İnkişaf Proqramının “İqlim dəyişmələrinə Milli Uyğunlaşma planına dəstək” layihəsi çərçivəsində hədiyyələr təqdim olunub.
"Ətraf mühitin mühafizəsinə, ekoloji problemlərin həllinə diqqəti artırmaq məqsədilə hər il 22 aprel tarixi “Beynəlхalq Yer Günü” kimi qeyd olunur. Biz də Azərbaycanda bu günü qeyd etməklə planetimizin, o cümlədən yaşadığımız diyarın təbii irsinə qayğı göstərilməsinin əhəmiyyətini diqqətə çatdırırıq”.
S.Məmmədova hər kəsi təbiət komplekslərinin – torpağın, dənizin, çayların, meşələrin təmiz qalmasına səy göstərməyə, öz məsuliyyəti çərçivəsində ətraf mühiti böyük bəşəri problemə çevrilən çirklənmədən qorumağa çağırıb.
Qeyd edək ki, "Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. O dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə bu gün “Yer günü” adlandırılıb.