…Rusiya 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan Müstəqilliyini elan edəndən sonra ölkəmizin ərazisindəki hərbi hissələrini çıxarıb Ermənistanı silahlandırdı…
Azərbaycanı müstəmləkəsində saxlama arzusu baş tutmadığından Ermənistanı Azərbaycanın daxilində “müstəqillik, azadlıq” tələbi ilə üsyana qaldırdı. Əliyalın Azərbaycan bütün mümkün cəhdlərə baxmayaraq ərazilərinin 20 faizini itirdi… Rusiya eyni ssenarini Moldovada, Gürcüstanda, indi də Ukraynada tətbiq edib və etməkdədir.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan öz topraqlarını işğaldan azad etmək istəyəndə isə 30 ildir Azərbaycanın əzilməsini seyr edən Rusiya bu dəfə susdu, lal oldu, gözlərini yumdu… Bir şərtlə ki, bəhanə tapıb yenidən -30 ildən sonra sülhməramlı adı ilə Azərbaycana qayıtsın. Qayıtdı da.
İndi də imkan vermir ki, Ermənistan Azərbaycanla sülh danışıqlarını sonlasın. Düşünürəm ki, Rusiyanın Azərbaycan ərazilərindən çıxarılmasının yeganə bir yolu var: Azərbaycan Ermənistanı bütün mümkün variantlarla (şirnikləndirici üsullar az deyil) dostluğa və əməkdaşlığa cəlb etməlidir! Nə qədər ki, iki ölkə arasında soyuqluq-düşmənçilik var, Rusiya bunu bəhanə edib hələ uzun illər gələcəyə hesablayıb Qarabağda qalacaq. Ona görə də Azərbaycan Rusiyadan canını qurtarmaq üçün Ermənistanın ürəyini ələ alıb onun bizimlə dost olmasına çalışmalıdır. Təbii ki, Rusiya buna imkan verməyəcək. Amma həm də Ermənistanın başqa yolu yoxdur. Çünki Azərbaycanla münasibətləri yaxşılaşandan sonra Ermənistan da ağ günə çıxacaq-iqtisadiyyatı nimdaş vəziyyətdən xilas olacaq, beynəlxalq layihələrə qoşulacaq və s. Odur ki, bəlkə də Azərbaycandan daha çox Ermənistan çalışmalıdır ki, sülh danışıqlarını daha tez yekunlaşdırsın-özünü iqtisadi bataqlıqdan, Azərbaycanın isə Qarabağdakı Rusiyadan xilas olması üçün. Çünki Qarabağda məskunlaşmış ermənilər də faktiki olaraq Rusiyanın Azərbaycandakı bəlli maraqlarının girovudur…
Asif MƏRZİLİ