Rusiyanın Ukraynaya qarşı müharibəsi həm də rəsmi Moskvanı diplomatik sahədə ağır itkilərə məruz qoyub...
Tezadlar.az Türkiyənin "Hürriyyet" qəzetinə istinadla bildirir ki, sən demə, bu müharibədən sonra Rusiyanın dünyanın 20 ölkəsindən 443 rusiyalı diplomat qovulub. Qəzet ABŞ mediasına istinad edərək yazır ki, Rusiyanı Ukraynaya hücumuna və xaricdəki təxribat fəaliyyətinə görə cəzalandırma strategiyasının bir hissəsi olaraq onlarla ölkə rusiyalı diplomatları və səfirlik rəsmilərini ərazilərindən çıxarıb. Maraqlıdır ki, bəzi ölkələr Rusiya səfirliyinin rəsmilərini casusluqda ittiham edib. Məsələn, martın 4-də Monteneqro Rusiyanın Podqoritsadakı səfirliyinin bir əməkdaşının diplomatik normaları pozduğunu əsas gətirərək “persona non-qrata” elan edib. Martın 14-də Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ərazisindən çıxarıb və səfirliyi əməkdaşlarının diplomatik konvensiyalara əməl etmələrini təmin etməyə çağırıb. Latviya, Litva, Estoniya, Bolqarıstan da siyahıda yer alıb. Martın 18-də Latviya, Litva və Estoniya birlikdə “diplomatik statuslarına zidd hərəkətlər və Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar” ümumilikdə 10 rusiyalı diplomatı ərazilərindən çıxarıb. Həmin gün Bolqarıstan 10 rusiyalı diplomatı geri göndərəcəyini açıqlayıb. Martın 23-də məlum olub ki, Polşa “özünü diplomat kimi təqdim edən rusiyalı 45 casusu” ərazisindən çıxarıb. Ardınca isə Belçika, Niderland, Çexiya, İrlandiya da bu ölkələrə qoşulublar və s.
Bura Rusiyalı oliqarxlara tətbiq edilən iqtisadi-maliyyə sanksiyalarını da əlavə etsək, görün müharibə Rusiyaya hansı baş ağrıları gətirib. Putinin Ukrayna üzərində qələbəsinin mümkünlüyü isə feyk olaraq qalmaqdadır. Dünən ABŞ-ın müdafiə naziri Kiyevdə Zelenski ilə görüşdü və bir daha söz verdi ki, ABŞ heç bir halda Rusiyanın suveren Ukrayna üzərində ədalətsiz-işğalçı qələbəsinə imkan verməyəcək.
A.Məmmədli