Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlığdan məhrum edilən Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə Teleqraf.com-a danışan Eldar Həsənovun vəkili Valeh Mehralıyev müdafiə etdiyi şəxsin hazırda cəzaçəkmə müəssisəsində karantində saxlanıldığını bildirib: “Bundan əvvəl Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılırdı. Hazırda saxlanma mühitini dəyişib. Onun vəziyyəti əvvəllər də olduğu kimi olduqca ağırdır. Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra üz-üzə görüşməmişik. Onunla telefonla danışmışıq. Səsi yaxşı gəlmirdi”.

Vəkil qeyd edib ki, Eldar Həsənov ürəyi qidalandıran tac damarlarında daralma və tıxanmalardan, həmçinin bel ağrısı, paroksizmal vertiqo və digər xroniki xəstəliklərdən əziyyət çəkir: “Son vaxtlar nəfəs almaqda da çətinlik çəkir. Onunla görüşmək üçün Penitensiar Xidmətə müraciət etmişik. Yəqin ki, növbəti həftənin birinci günü görüşə biləcəyik”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Eldar Həsənov ittiham üzrə özünü təqsirli bilmir. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub. Daha sonra isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Eldar Həsənov 2020-ci ildə həbs edilib.

XXX 

Qeyd edək ki, Eldar Həsənovun qızı Səbinə Hüseynova bu gün özünün facebook səhifəsində atasının səhhətinin pisləşdiyi barədə həyəcanlı xəbər paylaşıb. Eldar Həsənov məhkəmə istintaqı başlayan günlərdə ona qarşı qərəzli istintaqın aparılması barədə Prezident İlham Əliyevə ünvanlı müraciət yayımlamışdı.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN