70 gün ərzində
Ukraynaya 12 milyard dollardan çox yardım edilib
Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukrayna 12 milyard dollardan çox müxtəlif yardım alıb.
Bu barədə baş nazir Denis Şmıqal Varşavada Ukraynaya dəstək üzrə beynəlxalq donor konfransının yekunlarına dair brifinqdə bildirib.
"Müharibənin əvvəlindən ölkəmiz silah və maliyyə dəstəyi şəklində 12 milyard dollardan çox yardım alıb. Biz bu əsas yardıma görə minnətdarıq. İndi biz tariximizin ən kritik anını yaşayırıq - dövlətimizin taleyi həll olunur”, - deyə o, bildirib.
Daha əvvəl isə Zelenski Ukraynaya kömək etmək üçün United24 qlobal təşəbbüsünün başladığını elan edib.
Qeyd edək ki, ötən ay Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ölkəsinə 550 milyard dollar dəyərində ziyan dəydiyini açıqlamışdı. Və onun sözlərinə görə, müharibənin verdiyi ciddi iqtisadi itkilər səbəbindən, Ukraynanın hər ay təxminən 7 milyard dollara ehtiyacı var.
Belə görünür ki, Rusiyanın apardığı bu müharibə davam etdikcə hər iki tərəfə dəyən zərər də artacaq, ehtiyac olan milyardlar da. Və təəssüf ki, bu müharibə milyardlarla dolları göyə sovurur - udur, hansı ki, inkişafa, tərəqqiyə, elmi kəşflərə yönəldilə bilərdi, insanların yaşayış səviyyəsi yüksələrdi.
Qeyd edək ki, Ukraynaya dəyən zərərin əvəzini Rusiyanın dondurulmuş 400 milyard dollarlıq aktivləri hesabına ödəniləcəyi söylənilir. Bu, başlangıc üçün nəzərdə tutulan rəqəmdir.
Bəs Ermənistanın Azərbaycana vurduğu zərər?
Xatırladaq ki, Ermənistanın 30 ilədək Azərbaycan ərazilərini işğal etməsi nəticəsində ölkəmizə 23 trilyon dollardan artıq ziyan vurduğu bildirilir. Lakin bu, hələ son rəqəm deyil. Ermənistanın tarixi faktları saxtalaşdırmaq üçün məhv etdiyi tarixi-memarlıq abidələrimiz, milli-mənəvi dəyərlərimizə olunan təcavüz, daşıyıb apardıqları tarixi və nadir əşyaların və s. isə qiyməti yoxdur.
Və bütün bu zərərə görə Ermənistan mütləq cavab verməlidir və təzminat ödəməyə məcbur edilməlidir.
Əlbəttə, beynəlxalq təşkilatlarda, məhkəmələrdə Azərbaycana ikili standartlarla yanaşılmasa bu, daha tez həllini tapa bilər...
Y.MƏMMƏDLİ