Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında vəfat edib.

Bu barədə M. Süleymanzadənin qardaşı Mahir Süleymanzadə "Təzadlar"a məlumat verib. Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib. Mərhum jurnalist bu gün Mərdəkan qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 - 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir. 1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.

*** 

"Təzadlar"dan əlavə: xatırlamağı özümüzə borc bildik ki, Məzahir Süleymanzadənin xəstəliyinin əsas səbəbkarlarından biri, bəlkə də birincisi keçmiş KİVDF-nin rəhbərliyinin onun mənzil və digər haqlarını dəfələrlə tapdaması idi. M.Süleymanzadə bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş, elektron KİV-də Prezidentə şikayət etmişdi də. Prezidentin media üzrə sabiq köməkçisi də bu məsələdə M.Süleymanzadənin yanında olmamışdır... Hətta tanınmış media rəhbərləri dəfələrlə PA-ya yazsalar da, bəlli şəxs buna imkan verməmişdi...  Katibələrə, qohum-əqrabaya, jurnalistikadan bixəbərlərə Fəxri adlar, mənzillər veriləndə Məzahir Süleymanzadə unuduldu...

Beləliklə, jurnalistikada halal-haqqı tapdanan Məzahir Süleymanzadə HAQQA qovuşdu...

Allah rəhmət eləsin!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN