Rayon Polis Şöbəsi əməkdaşlarının axtarış səyləri hələki nəticəsizdir…

…Bu ilin aprel ayının 16-da təkcə Şabran rayonunun Vələsli kəndində deyil, bütün ətraf kəndlərdə də həyəcan doğuran qəfil bir xəbər yayıldı: «Vələsli kənd sakini Qasımov Şamuray Rafət oğlu itkin düşüb. Daha doğrusu, gecə evdən çıxıb, hələ də ondan bir səs-soraq yoxdur, xəbər-ətər eşidilməyib».

Kənd camaatı 2006-cı il fevralın 11-də anadan olan, zəhmətkeş, öz yerini bilən, düşüncəli bir cavan kimi tanıdıqları Samurayın yoxa çıxmasını dərin təəssüf, ciddi təlaş duyğusu ilə qarşıladılar. Kəndin sakinləri, necə deyərlər, hamı bir-birinə dəydi. Yığışıb, götür-qoy etdilər. Samurayın valideynləri ilə görüşüb onalara həm ümid, həm də təskinlik verdilər. Onun dostları, qonşları ilə də söhbət etdilər. Bir sıra mümkün versiyalar irəli sürdülər. Böyüklü-kiçikli hərə öz bacarığı, imkanı daxilində axtarışlarda iştirak etdi, heç kim əlindən gələni əsirgəmədi. Amma Samurayı gördüm deyən olmadı.

Samurayın yaxın qohumu, tanınmış jurnalist Nizami Rəhmanlı ilə dərdləşirik, deyir: «…Mən də bu acı xəbəri eşidib, yaxın bir qohum kimi kəndimizə getdim. Hadisənin təfərrüatını Samurayın nənəsi- şəhid anası Sədaqət Qasımovadan öyrəndim. Sədaqət xanım bildirdi ki, Samuray nəvəm işgüzar bir oğlandı. Ev işlərində də, təsərrüfat işərində də valideynlərinə böyük dayaqdı. Heç bekar dayanmaqla arası yox idi. Bilirsən də, yaz vaxtı bizim bu yerlərdə çoxlu mirəçöp (qulançar) yetişir. Cavan uşaqlar bir-birinin həvəsinə çöllərə dağılıb, mirəçöp yığar, aparıb rayon mərkəzində bazarda satardılar. Samuray topladığı pula o, hadisədən iki-üç gün əvvəl özünə mobil telefon almışdı. Atası, oğlum  Rafət bu işdən xəbər tutanda deyib ki, baxım görüm necə telefon almısan? Samuray cavab verib ki, həmin telefonumu satıb, təzəsini götürmüşəm. Rafət oğluna irad tutub, sonra məsləhət görüb ki, nahaq əldən telefon alırsan. Bəlkə oğurluqdur, yaxud başqa bir əmması var? Əgər telefon almaq istəyirsənsə, götür mənim şəxsiyyət vəsiqəmi get mağazadan al… Bu hadisə aprelin 15-də gecə saat 22-23 radələrində baş verib. Sonra atası gedib yatmağa. Samuray isə bir azdan evə girib, əynindəki nazik gödəkcəni çıxardıb, isti gödəkcə geyərək harasa yollanıb. Amma gedərkən cibindən 91 manat pul çıxarıb, qonşu oğlana verib ki, bunu bizə çatdırarsan. Oğlan da gətirib pulu bizə verdi».

Söhbətimiz Samurayın atası Rafətlə davam etdiririk:

- İlin bu vaxtları kənd-kəsəkdə təsərrüfat işlərinin ən qızğın çağıdır. Kənd adamı səhərin gözü açılmamış, ta qaranlıq qovuşana qədər ayaq üstə, çöldə-bayırda, iş-güc başında olur. Həmin gün mən də çox yorğun idim. Ona görə də oğlumla telefon barədə söhbətimiz müxtəsər oldu. Mən onu yungulcə məzəmmət etdim və getdim yatmağa. Gecə saat birə qalmış xəbər tutdum ki, Samuray evdə yoxdur. Zəng etdik, nömrəsinə zəng çatdı, amma cavab vermədi. Ayın 17-də bütün gün ərzində telefon söndürülmüş oldu. Aprelin 18-də isə yenə nömrəsinə zəng çatdı, ancaq telefonu açan olmadı… Bizim bu ərazidə «Cabbarlı» adlanan keçmiş üzümçülük sahəsi var. Samurayı o istiqamətə gedən görüblər. Oradan bir az aşağıda isə «Taxta körpü» su anbarı yerləşir. Ona görə də ilkin şübhələrimiz bu oldu ki, bəlkə Samuray mənimlə söhbətindən əsəbləşib, gedib özünü həmin gölə atıb. Odur ki, biz ilk növbədə əsasən «Taxta körpü» anbarı ətrafında axtarışlar aparmağa başladıq. Burada təsadüfən uşağın cib telefonu tapıldı. Bu bizim ilkin şübhəmizi daha da artırdı. Respublika Fövqəladə Hallar Nazirliyinə, Şabran Rayon Polis Şöbəsinə… müraciət etdik. Fövqəladə Hallar Nazirliyi dalğıclar vasitəsilə göldə  axtarışlar apardı. Polis işçiləri də müxtəlif varianlar irəli sürüb, onların üzərində işlər aparırlar. Hələki bu işlərin, ümumiyyətlə axtarışların bir nəticəsi yoxdur… El arasında deyirlər ki, itiyi itənin gümanı min yerə gedər. O olsun ki, 16-17 yaşlı övladın belə müəmmalı surətdə itib-bata, gördüm deyən olmaya. Yenə də Şabran Rayon Polis Şöbəsi axtarışlara ara vermir, bu sahədə işini davam etdirir.

İndi də qəzetlərə, saytlara üz tuturam ki, bəlkə bir nəticəsi oldu. Odur ki, hamıdan xahiş edirəm oğlum Qasımov Samuray Rafət oğlundan soraq çıxmasında mənə yardım etsinlər. Mən də elə bu ümidlə yazımı mətbuata təqdim edirəm…

***

«Təzadlar»dan: bəli, ağır dərddir… İnanırıq ki, tezliklə Samurayın sağ-salamat olması barədə xoş xəbər valideynlərini, yaxınlarını… sevindirəcək. Şabran rayon Polis Şöbəsi ilə də əlaqə saxladıq… Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN