İradə İbrahimova: "11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov Bakının Hənifə Ələsgərov küçəsi- 26-36 ünvanında ağacların kütləvi qurudulduğu ərazidə olub və araşdırma gedir..."
"Təzadlar"ın 7 iyun tarixli buraxılışında Bakının Hənifə Ələsgərov küçəsi 26/36 ünvanında (Səməd Vurğun küçəsi ilə kəsişmə, Tibb Universitetinin Cərrahiyyə Korpusunun tini) yaşayan sakinlərin şikayəti əsasında ağacların kütləvi zəhərləndirərək məhv edilmasi barədə yazmışdıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbaut Mərkəzinin rəhbəri İradə İbrahimova həmin gün bu yazıya dərhal reaksiya verərək rəhbərlik tərəfindən aidiyyəti üzrə tapşırıq verildiyini bildirmişdi. İ.İbrahimova ilə təkrar əlaqə saxlayıb vəziyyəti öyrəndik. O, dedi: "...11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov şəxsən qeyd olunan ərazidə olub, baxış keçirilib... Sadəcə, yazıda da qeyd edildiyi kimi, hasarın darvazası kilidli olduğundan əraziyə hələki daxil olmaq mümkün olmayıb, aidiyyəti üzrə rayon İH-nə təqdimat yazılıb, problem araşdırılır. Mütəxəssislərimiz ıraziyə daxil olaraq orada nə baş verdiyini dəqiqləşdirdikdən sonra qanuni tədbirlər görüləcək, ictimayyətə əlavə məlumat veriləcək.".
***
Xatırladaq ki, qeyd olunan küçənin təxminən 150-200 metrliyi Bakının mənzərəli banerləri ilə bəzədilib, hündür hasar çəkilib. Lakin tikinti aparan şəxs və ya şəxslərin hardan ağlına gələrdi ki, hasarın arxasındakı bəd əməl bu banerlərin bərbəzəyində yox olası deyil. Elə qarşı binada yaşayan sakinləri də dəhşətə gətirən budur. Belə ki, burada hasar boyu ağaclar aydın şəkildə görünür ki, kimyəvi olaraq zəhərli dərmanla çilənib və qurudulur. Bu əməl təzə törədildiyindən ağacların kütləvi zəhərləndiyi aydın görünür, yarpaqlar qapqara qaralıb, büzüşüb, necə deyərlər, yumağa dönüb. Yandırılma əlaməti deyil... Təəssüflər olsun, hasarın darvazası içəridən kilidli olduğundan kimsə ilə danışa bilmədik. Amma inanırıq ki, Bakının yaşıllığına heç vaxt biganə qalmayan, yaşıllıqların qayğısını çəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu acı mənzərənin baiskarını tapacaq, redaksiyamıza və sakinlərə də hər şey bəlli olacaq. İnanırıq ki, 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadovun Bakının mərkəzində bu əməli törədənlərə qarşı cəzası sərt olacaq.
A.Məmmədli
«Təzadlar»