Mərkəzin Baş direktoru Elmar Qasımovu əliçıraqlı axtaranların bir yolu qalıb: Xoşqədəmə müraciət etmək!

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova “Təzadlar”a şikayət etmiş vətəndaşın mərkəzdə niyə kor edildiyini soruşan kimi durub otaqdan qaçdı...

(Əvvəli II yazıda)

Səbinə xanım üzünə süni təbəssüm verərək, eyni zamanda qapını üzümüzə bağlaya-bağlaya dedi:

-Gedin, sizi məndən də vəzifəcə yuxarıda olan Ceyhun müəllim qəbul edəcək.

-Səbinə xanım, sizin bu hərəkətiniz “Media  Haqqında” Qanunun tələblərinə ziddir. Jurnalistin məlumat almaq və şikayəti aaraşdırmaq hüququ var ki, siz baş həkim kimi onu pozursunuz. Bizim peşə fəaliyyətimizə mane olursunuz.

Səbinə xanım isə sanki məni eşitmirdi.

Bu hərəkətin anlamı o idi ki, “Gedin burdan”. Doğrudan da baş həkim kimi Səbinə xanımın bu hərəkəti, heç bir yazılmış və yazılmamış qanuna sığmır. Görəsən, Səbinə Məcidova kimə arxalanır ki, şikayəti araşdırmaq üçün gələn jurnalisti mədəni surətdə qapıdan qovur? Özü də  bu hərkəti tamamilə qanunsuzluq içində ola-ola edir.

***

Qərara gəldik ki, hər halda Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli bəzi suallara aydınlıq gətirə bilər. C.Nəzərli bizi səmimi qəbul etdi. Məsələdən tam agah olandan sonra Ceyhun müəllim göstərişi ilə, redaksiyaya iki ay əvvəl verilməli olan cavab, biz orda olarkən, mayın 19-da hazırlanıb, bizə təqdim edildi. 19.05.2022-ci il tarixdə, yəni bir növ gözümüzün qarşısında hazırlanan, daha doğrusu Səhiyyə Nazirliyinə yazılan məktubun surəti olan 495 saylı məktubda, əlbəttə, xəstənin səhv müalicə və əməliyyat nəticəsində gözünü kor edən professor Nizami Bağırovun günahı barədə bir kəlmə də yoxdur. Məktubu oxuyanda elə təsəvvür yaranır ki, xəstə Rəna Şahbalayevanın gözü elə əvvəldən kor imiş. Deməli, bizim birinci yazıdan və bu yazıya Səhiyyə Nazirliyini reaksiyasından sonra 2022-ci il aprelin 4- də xəstə Konsiliuma dəvət edilir. Ona görə də görün səhiyyə Nazirliyinə və bizə həmin gün təqdim edilən məktubda nə yazılıb? Məktubdan sitat:

“07.04.2022-ci il tarixdə xəstə Mərkəzə sol gözündə “Buynuz qişasının köçürülməsi” cərrahi əməliyyatı üçün müraciət etmiş, Konsilium Şurasından keçmişdir.

Diaqnoz: OS- Buynuz qişasının bulanması. Terminal cərrahi əməliyyat olunmuş qlaukoma. Artifakiya. Skleranın postblebit incəlməsi. OD- Açıq bucaqlı II A qlaukoma. Yetişməmiş katarakta.

Qərar: OS- GÇP (görmənin çağrılmış potensialları müayinəsi) nəticələrinə əsasən keratoplastika cərrahi əməliyyatının aparılması göstəriş deyil”.

 

Nizami Bağırov

Mən həkim olmasam da,  başa düşdüm ki, Konsilium Şurasının akademik və professorları xəstəyə buynuz qişasının köçürülməsini mümkün saymayıblar. Amma özəl klinikada bunu mümkün sayıblar və əməliyyat üçün növbəyə də yazıblar.

Direktor müavini C.Nəzərliyə həm bibim nəvəsi Vüsalə Nəbiyevanın, həm də hazırda şikayətçi olan Mahir Şahbalayevin xanımı Rəna Şahbalayevanın gözlərinin kor edilməsinin səbəblərini soruşduq. C.Nəzərli də artıq məlumatlı olduğundan, həmkarlarının sevimli fikrini, yəni “xəstə gözünə dərman tökməyib” iddiasını səsləndirdi. Bu yerdə M.Şahbalayev bildirdi ki, sizin gözünü çıxartmaq istədiyiniz adamın özəl klinikada müalicəsini təşkil etmişəm, gözü açılıb və hazırda buynuz qişasının dəyişdirilməsinə hazırlıq gedir. M.Şahbalayevin adını çəkdiyi özəl klinikada belə bir əməliyyatın aparıla bilməyəcəyini bildirən C.Nəzərli, eyni zamanda irad bildirdi ki, düz danışmırsan. Bu yerdə artıq hisslərini cilovlaya bilməyən M.Şahbalayev onu düz danışmamaqda ittiham edən C.Nəzərliyə səsinin tonunu qaldıraraq bildirdi:

-Mənim 65 yaşım var. Bu yaşda mən yalan danışa bilmərəm. Mən sənə klinikanın nömrəsini verim, zəng et öyrən. Görün orada buynuz qişasını dəyişirlər, ya yox? Həkim də professor ... (klinikanın və həkimin adını reklam xarakterli olduğu üçün yazmırıq- E.M) filankəsdir. Müalicə həkiminin adını eşidən C.Nəzərli onu yaxşı tanıdığını bildrərək dedi: “Həmin həkim respublikada gözün buynuz qişasının dəyişdirilməsinə icazə verilən 5 həkimdən biridir. Amma sənin adını çəkdiyin klinikada bu əməliyyat aparıla bilməz”.

Nə isə... Aralarında mübahisə qızışdığından, mən müdaxilə edib, hər ikisini müəyyən qədər sakitləşdirdim. M.Şahbalayevin Oftalmologiya Mərkəzinə gəlməsinin başlıca məqsədi, gözünü kor etdikləri həyat yoldaşının, heç olmasa, bahalı əməliyyat olan buynuz qişasının dəyişdirilməsini dövlət xəstəxanasının hesabına həyata keçirmək istəyi idi. Buna görə isə, nə baş həkim Səbinə Məcidova ilə, nə də baş direktorun müavini Ceyhun Nəzərli ilə söhbətləri alınmadı. Baxmayaraq ki, indiyə qədər xanımının müalicəsi üçün M.Şahbalıyev Oftalmologiya Mərkəzində həkimlərə 5 min manata qədər pul xərcləyib. Yenə də müəyyən məbləğ ödəməyə hazır idi ki, buynuz qişasının dəyişdirilməsi bir az ucuz başa gəlsin. Lakin dediyim kimi, söhbətləri baş tutmadı.

***

Əlbəttə, bu söhbət Ceyhun Nəzərliyə xoş gəlmədi və iradını bildirdi ki, onların həkimlərinə qarşı düzgün olmayan mövqe tutub. Mən bütün bunlara aydınlıq gətirilmək, necə deyərlər, xəstələrin niyə kor edildiyini soruşmaq, junalistin peşə fəaliyyətinə mane olan baş həkim Səbinə xanımın həkimə yaraşmayan hərəkətlərinin səbəbini öyrənmək üçün, Mərkəzin böyüyü olduğuna görə, baş direktor Elmar Qasımovla görüşmək istədiyimi bildirdim. Çünki yazı dərc olunandan sonra, Elmar müəllim deyə bilərdi ki, Mərkəzin böyüyü kimi niyə ona müraciət etməmişik?

Ceyhun müəllim baş direktorun birinci mərtəbədə oturduğunu diqqətə çatdırdı. Elə bil filmin ikinci seriyası bundan sonra başladı.

Birinci mərtəbəyə düşüb “Məlumat bürosu” yazılan masaya yaxınlaşaraq, növbə çəkən qızdan Elmar müəllimin harada oturduğunu soruşduq:

-Bilmirəm...

-Xanım qız, necə yəni siz baş direktorunuzun harada oturduğunu bilmirsiniz?

-Bilmirəm. Yaxınlaşın Qeydiyyat şöbəsindən soruşun.

Qeydiyyat şöbəsinə yaxınlaşıb, baş direktor Elmar müəllimi görmək istədiyimizi bildirdik və harada oturduğunu öyrənmək istədik.

Qeydiyyatçı qız:

-Biz bilmirik. Gedin dəhlizdəki “Məlumat bürosu”ndan soruşun.

Bəli, bizi top kimi bu qapıdan, o qapıya ötürməyə başladılar.  Buna baxmayaraq yenə soruşdum:

-Xanım, axı “Məlumat bürosu”ndakı qız bizi bura göndərdi.

-Yox, biz bilmirik Elmar müəllim harda oturur.

-Xanım doğrudanmı baş direktorun harada oturduğunu bilmirsiniz?

-Yox, bilmirik.

Əlbəttə, biz bu xanımla dava edəsi deyildik, amma adamın gözünün içinə yalan danışdıqları dərhal hiss olunurdu.

Yenidən foyeyə çıxıb mühafizəçidən baş direktorun harada oturduğunu soruşduq. Təsəvvür edin, mühafizəçi də Elmar müəllimin harada oturduğunu guya bilmir. Maraqlı deyilmi? Görəsən, baş direktor Elmar Qasımov Müdafiə Nazirliyininmi, Dövlət Təhlükəsizlik Xidmətininmi, Baş Prakurorluğunmu, Daxili İşlər Nazirliyininmi... məxfi şöbəsinin direktoru idi? Sanki hərbi sirr kimi Elmar Qasımovu bizdən gizləyirlər. Belə olan surətdə fikirləşdik ki, hər halda mühafizə xidmətinin rəisi baş direktorun

harda oturduğunu bilər. Təsəvvür edin, mühafizə xidmətinin rəisi də baş direktor Elmar Qasımovun harada oturduğunu bilmirdi... Onda mühafizənin rəisinə belə bir sual verdim:

-Siz doğrudanmı qoruduğunuz insanın harda oturduğunu bilmirsiniz?

-Yox, bilmirik.

-Gülməli deyilmi? Axı necə ola bilər ki, mühafizə xidmətinin rəisi baş direktorun harda oturduğunu bilməsin? O da maraqlı idi ki, axı bu Elmar Qasımov adi bir həkim ola-ola, niyə gələn xəstələrdən və onların yiyələrindən qaçıb, gizlənir? Axı bu gizlənpaç oyununun qurulmasını mühafizə xidmətinin rəisi yox, elə Elmar müəllim özü təşkil edib. Bizim başqa bir versiyamız yoxdur deyək ki, E.Qasımov məxfi şöbənin əməkdaşı imiş kimi niyə gizlənir? Ona görə də, maraq bizə güc gəldiyindən, qərara aldıq ki, bütün birinci mərtəbəni gəzib, baş direktorun otağını tapaq. Belə də etdik. Başladıq birinci mərtəbədəki otaqları bir-bir gəzməyə. Neçə otağın qapısına baxdıq, “baş direktor” yazılmış bircə lövhəyə də rast gəlmədik.

Ümumiyyətlə, foyedə bütün şöbələrin istiqamətini gəstərən lövhədə də “Baş direktor” sözünə rast gəlmədik. Onda otaqların qapısını açıb bir-bir soruşmaq niyyətinə düşdük. Biz dəhliz boyu otaqlarda baş direktorun oturduğu yeri axararkən, mühafizə xidmətinin əməkdaşı bizi çağırdı ki, sizinlə görüşmək istəyən var. Məlum oldu ki, xəstəxananın adını unutduğum bir xanımı bizimlə danışmaq istəyir. Problemləri yenidən xanımın diqqətinə çatdırdıq. Bu xanım xəstəxananı baş həkimi Səbinə Məcidovanı, baş direktor Elmar Qasımovu və digər professor olan həkimləri tərifləməklə məşğul oldu. Söhbət etdiyimiz zaman baş həkim Səbinə Məcidovanın birinci mərtəbədəki dəhlizin uzaq tərəfindən girişə gəlib əlində də bir neçə sənəd ola-ola, düz keçdiyini gördük. Biz bu xanımla bir az da söhbət edəndən sonra, Səbinə Məcidova əlində sənədlər bizə yaxınlaşdı. Mənə nəsə demək istəyirdi ki, sözünü kəsib belə cavab verdim:

-Məni mədəni surətdə qapıdan qovan baş həkimlə heç bir söhbətim ola bilməz...

Beləliklə, bizim daxil olan şikayət əsasında Milli Oftalmologiya Mərkəzində jurnalist araşdırmamız başa çatdı. İndi söz Səhiyyə Naziri cənab Teymur Musayevindir. Bilmək istəyirik ki, Oftalmologiya Mərkəzinə həkimləri haradan və hansı üsulla cəlb edirlər?

Mən inanıram ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində nəhayət, qayda-qanun yaradılacaq, bura bacarıqlı, peşəsini sevən, istedadlı həkimlər cəlb ediləcək. Çünki baş həkim Səbinə Məcidova xəstəxananın adına layiq həkim deyil və adi etik normalardan belə xəbəri yoxdur. Mən baş direktorun müavini Ceyhun Nəzərli ilə söhbətimizdə məşhur rus həkimi psixator, nevropatoloq, fizioloq və psixoloq Vladimir Bexterevin bir fikrini xatırlatdım: “Həkimlə söhbətdən sonra xəstə özünü yaxşı hiss etməsə, deməli, o həkim deyil”.

Biz buradakı həkimlərlə söhbətdən sonra sağlam adamlar olmağımıza baxmayaraq, özümüzü olduqca pis hiss etdik... Ona görə də Prezident Adminstrasiyasının rəhbəri cənab Samir Nuriyevdən və səhiyyə nziri cənab Teymur Musayevdən bu xəstəxanada qayda-qanun yaradılmasını gözləyirik.

***

Şikayətçi Mahir Şahbalayev isə, öz hüquqlarını hüquqi müstəvidə qorumaq niyyətindədir. Belə ki, Milli Oftalmologiya Mərkəzinin baş direktoru Elmar Qasımovu, baş həkim Səbinə Məcidovanı və həkim Nizami Bağırovu məhkəməyə verməyə hazırlaşır. Bu məqsədlə ona dəyən maddi və mənəvi zərəri ödətdirmək üçün tanınmiş bir vəkillə hazırda məsləhətləşmələr aparır.

Bütün bunlara baxmayaraq, Mərkəzin rəhbəri kimi baş direktor Elmar Qasımovun da mövqeyini dinləyib, dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Hazırladı: Elçin MƏMMƏDLİ  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN