ƏLİBALA MƏHƏRRƏMZADƏ: "ATABƏYLƏR: ŞƏMSƏDDİN ELDƏNİZ"
Bu gün çox böyük, tarixi, yeni dünya düzəninin yarandığı tale yüklü bir dövrdə yaşadığımızı desəm, yəqin ki, yanılmaram. Bəli, gözlərimiz qarşısında yaxın 30-35 il ərzində yaranmış reallıqlar bir-birinin ardınca sürətlə dəyişməkdədir. Bir tərəfdə 44 günlük müharibə nəticəsində süni şəkildə yaradılmış Qarabağ probleminin xalqımız tərəfindən Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kökündən və tam həll edilməsi, Rusiya-Ukrayna savaşı, Rusiyanın dünyanın nəhəng gücləri tərəfindən sürətlə Qafqazdan tamamilə çıxarılması istiqamətində atılan təsirli addımlar, Böyük TURAN dünyasının yaradılması istiqamətində türk xalqları dövlət başçılarının apardıqları intensiv görüşlər, görülən işlər, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlar, digər tərəfdən İsrail-HAMAS qarşıdurması, Çinlə Tayvan arasında separatçılıq zəminində zaman-zaman kəskinləşən münasibət zamanı bəzilərinin, hətta hərbi müdaxilə haqqında “mızıldanmaları”, son vaxtlar isə yenə də Balkanlarda artan gərginlik təəssüflər olsun ki, zamanımızın reallıqlarıdır.