OBRAZLARI İLƏ YADDAŞLARA HƏKK OLUNAN SƏNƏTKAR
Yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib.