FTX əməkdaşları Zaporojye vilayətində terror aktı hazırlayan ukraynalı agenti məhv ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə regional FTX-nin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən cəlb edilmiş Ukrayna vətəndaşı barədə məlumat daxil olub. Əvvəllər o, xüsusilə ağır cinayətlər, o cümlədən asayiş keşikçisini öldürməyə cəhdə görə axtarışda olub.
İstintaqın məlumatına görə, həmin şəxs xarici kəşfiyyat xidmətlərinin göstərişi ilə əldəqayırma partlayıcı qurğu hazırlayıb. Onun köməyi ilə Zaporojye vilayəti ərazisində təxribat və terror aktı həyata keçirməyi planlaşdırıb.
Evə baxış zamanı hücum edən şəxs odlu silahdan istifadə edərək FTX əməkdaşlarına müqavimət göstərib. Təxribatçı cavab atəşi ilə öldürülüb. Təhlükəsizlik qüvvələri xəsarət almayıb.
Evdən “Makarov” tapançasına bənzər əşya, qumbaraatan və əldəqayırma partlayıcı qurğu aşkar edilib.
E.ŞİRİNOV