O, RİYAZİYYATÇI, İXTİRAÇI OLMAQ İSTƏYİRDİ, AMMA...
Natiq ASLAN - 60
(Portret cizgiləri)
...Natiq Aslan (Fərzəliyev). Bu ad Azərbaycan tamaşaçılarına həm teatr tamaşalarından, həm televiziya seriallarından və həm də kinofilmlərdən yaxşı tanışdır. O, özünün balaca boyu ilə səhnədə, ekranda elə maraqlı obrazlar yaradır ki, onun ətrafında olan uca boylu aktyorlar çox vaxt kölgədə qalırlar. Küçədə Natiq Aslanı görən tamaşaçılar ona böyük hörmətlə yanaşıb, onunla şəkil çəkdirmək istəyirlər və bunu özlərinə yüksək şərəf, fəxarət hesab eləyirlər. Deməli, bu da aktyorun böyüklüyü və tamaşaçı məhəbbəti qazanmasından irəli gəlir. O, hansı toya gedirsə özünün maraqlı çıxışı ilə az bir vaxtda toya gələn adamların da sevimlisinə çevrilir.
1962-ci ilin fevral ayının 2-də Yevlax şəhərində anadan olan Natiq Aslan oğlu Fərzəliyev heç vaxt aktyor olmaq istəyində olmayıb. Çünki o, Mirzə Ələkbər Sabir adına 2 nömrəli Yevlax şəhər orta məktəbində oxuyanda yaxşı riyaziyatçı olub. Hətta Bakı şəhərində keçirilən riyaziyyat olimpiadalarında iştirak edib və mükafatlar qazanıb. Arzusu Azərbaycan Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə qəbul olmaq idi. Həmin vaxtlar Azərbaycanda teatr sənətinə maraq çox olduğundan, bütün məktəblərdə dram dərnəkləri fəaliyyət göstərirdi. Hətta elə siniflər vardı ki, özlərinin dram dərnəkləri vardı. Natiq orta məktəbdə oxuyan vaxtı məktəbin dram dərnəyində oynadığı rollar, məktəb yoldaşlarının və müəllimlərinin çox xoşuna gəldiyinə görə, hətta duruşu, baxışı, gözlərinin ifadəsi də gülüş yaratdığından hamı ona “Çarli Çaplin” deyirdi. Çünki Natiqin də boyu elə Çarli Çaplinin boyu kimidi. Elə məktəb yoldaşları və bəzi müəllimləri də onu məcbur eləyirdilər ki, Natiq Aslan oğlu Fərzəliyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunsun. Yəqin ki, məktəb yoldaşlarının və müəllimlərinin bu təkidi ona teatr sənətinə qarşı marağı artırdı. Azərbaycan Dövlət İncəsənət İnstitutunun imtahanları başqa ali məktəblərdən tez başladığına görə Natiq Aslan oğlu Fərzəliyev sənədlərini bura verdi. İmtahan götürən müəllimlər də onun duruşuna, baxışlarına, fikirlərini aydın ifadə eləyən iri gözlərinə, danışıq tərzinə və əsasən də fitri istedadına görə onu ali məktəbə götürdülər. Beləliklə, Natiq Aslan oğlu Fərzəliyev 1982-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi oldu. Burada tanınmış teatr xadimlərindən teatr sənətinin incəliklərini öyrəndi. Azərbaycanın məşhur aktyoru, rejissoru, teatr tariximizdə öz sözünü demiş dostum, tələbə yoldaşım, Əməkdar incəsənət xadimi, mərhum Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrını yaradanda çoxlu cavan aktyorlar, aktrisalar məhz onunla işləmək istəyirdi. Çünki Hüseynağa Atakişiyev Şəki Dövlət Dram Teatrına rəhbərlik elədiyi vaxtı və üç il Azərbaycan Milli Akademik Dram Teatrının baş rejissoru olduğu zaman rejissurada özünün lazım olan kimi sözünü demişdi. Həm yaxşı rejissor və həm də yaxşı pedaqoq olduğundan cavanlar ondan çox şey öyrənmək istəyirdilər. Çünki Şəki Dövlət Dram Teatrını yaradan və Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxaq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib, Azərbaycana gələn və yeni yaranan Şəki Dövlət Dram Teatrının baş rejissoru Vaqif Abbasov teatr sənətini mükəmməl bildiyindən, həmin teatra təyinatla aktyor kimi işləməyə gedən Hüseynağa Atakişiyevdə ondan çox şey öyrənmişdi. Vaqif Abbasov o vaxtlar Azərbaycanda ilk dəfə olaraq, dünya üzrə teatr islahatçıları, məşhur rejissorlar Konstantin Sergeyeviç Stanislavskinin- Vladimir Nemiroviç- Dançenkonun, Vsevolod Meyerxoldun, Yevgeni Vaxtanqovun, Bertold Brextin sistemlərini Azərbaycan meydan teatrı üslubu ilə birləşdirib yeni bir sistem yaratmaq istəyirdi və quruluş verdiyi tamaşaları da bu üslubda hazırlayırdı. Hüseynağa Atakişiyev onun bu sistemini çox tez qavrayıb, özü də Şəki Teatrında bu üslubda maraqlı tamaşalar hazırladı. Vaqif Abbasov Bakıya, Dövlət Musiqili Teatrına baş rejissor gələndən sonra Şəki şəhər partiya komitəsinin birinci katibi, böyük qurucu katib, teatr sənətini mükəmməl bilən və Şəki teatrının yaranmasının əsl səbəkarı Sadıq Murtuzayevin Mədəniyyət Nazirliyinə təkidi ilə ali rejissorluq təhsili olmasa da Hüseynağa Atakişiyev bu teatrın baş rejissoru oldu və Sadıq Murtuzayevin ona olan ümidlərini tam doğrultdu. Bu teatrı keçmiş Sovetlər Birliyində və sosialist ölklərində tanıtdı. Bax, Natiq Aslan da ali məktəbdən sonra məhz Hüseynağa Atakişiyevdən teatr sənətinin sirlərini öyrənməyə başladı.
Dostum Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrını yaradan vaxtı mən də Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru idim və dostumun bu teatrdakı uğurlarına çox sevinirdim. Çünki bir vaxtlar mən də, cəmi 40 il ömür sürmüş Vaqif Abbasovdan teatr sənəti, rejissura ilə bağlı çox şeyləri öyrənmişdim.
Azərbaycan Mədəniyyət Nazirliyi ilə aramızda böyük narazılıq olandan sonra 2001-ci ildə mən də Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi əmək fəaliyyətimi davam etdirməyə başladım. Artıq həmin vaxtdan da Natiq Aslanı tanıdım. Onun oynadığı rollar mənim də xoşuma gəldi. Mən də quruluş verdiyim tamaşalarda ona rollar verdim və bu rolları ilə Natiq Aslan məni qane elədi. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyim Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında da Natiq Aslan çox maraqlı rol oynadı. İndi isə onunla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mono tamaşa işləməyi planlaşdırıram.
Yubileyi ərəfəsində biz Natiq Aslanla həmsöhbət olduq.
- Natiq bəy, necə oldu ki, siz Dövlət Gənclər Teatrına işləməyə gəldiniz?
- Dövlət Gənclər Teatrının aktyorları ilə münasibətim vardı və onlarla daimi təmasda idim. Hətta gənclik illərində bir çoxları ilə dost, sirdaş olmuşam. Demək olar ki, kollektivin hamısı ilə münasibətim olub və o vaxtlar Dövlət Gənclər Teatrının yerləşdiyi Teatr Xadimlər İttifaqının Aktyorlar evinə gəlib, daim tamaşaları izləyirdim. Günlərin bir günü rəhmətlik Hüseynağa Atakişiyev quruluş verdiyi Novruz bayramı teatrlaşdırılmış tamaşasında uşaqlar üçün tamaşa oynamağı mənə təklif etdi. Məmnuniyyətlə razılıq verdim və məşqlər başladı, tamaşanı oynadıq, tamaşa bitdi. Təbii ki, mənə teatrın aktyoru olmadığıma, dəvət olunduğum üçün qonorar verdilər. Həmin dövrdə isə mən mərhum rejissor Arif Ağayevin yaratdığı özəl Meydan teatrda çalışırdım. Sonra bir müddət Dövlət Gənc Tamaşaçılar teatrında işləyib, artıq oradan da işdən çıxmışdım. Sonradan anladım ki, o, sınaq müddəti kimi birbaşa mənim tamaşaçı ilə ünsiyyətimə şərait yaradıb. Görsün ki, mən Dövlət Gənclər Teatrında işləməyə qadirəm, ya yox. Bir neçə ay sonra yenidən Hüseynağa müəllimin yanına gəldim. O, Yeni il şənliyində yenidən mənə uşaq tamaşasında oynamağı təklif etdi. Yenə də razılıq verdim. Seanslar hələ bitməmişdi. 1994-cü ilin yanvar ayının 3-də məni kabinetinə dəvət edib qarşıma kağız, qələm qoydu. “Otur,yaz”,- dedi, “Nə yazım” dedim, “Bu gündən sən bu teatrın aktyorusan”,-dedi. Beləliklə, 2009-cu ilə qədər o teatrda çalışdım. Çoxlu rol oynadım. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdi və o zamandan da mən Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoruyam.
- Bəs Dövlət Gənclər Teatrının yaradıcısı, bədii rəhbəri və direktoru Hüseynağa Atakişiyev sizin yaddaşınızda necə qalıb?
- Hüseynağa müəllim mənim yaddaşımda işində hədsiz dərəcədə tələbkar, dosta münasibətdə sadiq, çox səmimi, ürəyitəmiz, pak bir insan və qəlbimdə bir ustad kimi yaşıyır. O, bir məktəb idi və mən xoşbəxtəm ki, məhz Hüseynağa Atakişiyev məktəbini keçmişəm.
- Dediniz ki, siz hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyirsiniz. Oradakı işləriniz haqqında nə deyə bilərsiniz?
- 2009-cu ildən Dövlət Gənc Tamaşaçılar teatrında çalışıram və repertuarda olan bütün tamaşalarda iştirak edirəm: uşaq, böyük tamaşalarında. Təbii ki, işimiz budur, işimdən və bu teatra rəhbərlik edən Nahidə xanım İsmayılzadədən, rejissorlardan çox razıyam. Hal-hazıda teatrımız təmirdə olduğundan başqa binalarda, səhnələrdə oynayırıq. Təəssüf ki, mənim yubileyim də bu dövrə düşdü. İnanıram ki, öz teatrımızda olsaydı tamam başqa cür qeyd olunacaqdı. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binasında teatrımızın repertuarında olan tamaşalardan birini oynayacağıq və həmən tamaşa da mənim yubileyimə həsr olunacaq. Eyni zamanda, mənim ikinci iş yerim Uşaq və Gənclər Teatrında yubileyim yanvar ayının 29- da qeyd olunub. Çox sağ olsun teatrın rəhbəri İntiqam Soltan. Mənim yubileyimi yüksək səviyyədə keçirtdi. Orada da tamaşa oynadıq. Çox təəssüf ki, onlarında öz binası yoxdur. İntiqam Soltan da bir vaxtlar Dövlət Gənclər Teatrında çalışıb və Hüseynağa Atakişiyevdən teatr sənətinin sirlərini mükəmməl öyrənib. Hüseynağa müəllimdən öyrəndiklərini də yaratdığı Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində olan Uşaq və Gənclər Teatrında tətbiq edir.
- Ömrünün böyük bir hissəsini teatr sənətinə həsr edən, bu sahədə böyük işlər görən Natiq Aslana bu günə kimi fəxri ad verilməyib. Bunun günahı kimdədir?
- Əsas günahı özümdə görürəm. Atalarımızın yaxşı məsəli var: “Ağlamayana çörək vermirlər”. Sonra da fikirləşirəm ki, mən niyə ağlamalıydım? Məgər mənim 40 ildir səhnədə fəaliyyət göstərdiyimi görmürlər? Bir də axı mən fəxri ad üçün sənətə gəlməmişəm. Bu sənəti sevdiyim üçün gəlmişəm. Amma çox təəssüf ki, keçmiş Mədəniyyət nazirimiz mənim 40 illik əməyimi nəzərə almadı və mənə fəxri ad vermədi, Allah canını sağ eləsin. Təvazökarlıqdan uzaq olsa da onsuz da mən tamaşaçılar tərəfindən sevilirəm. Nə isə... Yəqin ki, nə vatsa haqq öz yerini tapacaq. Haqqın qarşısını həmişəlik almaq olmur. Çünki haqq elə müqəddəs hissdir ki, onun qarşısını alanı gec-tez əzib keçir. Məşhur yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsio Markesin belə bir kəlamı var: “Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana”. Mən də susmağımla çalışıram ki, məni anlasınlar və başa düşsünlər ki, 40 illik aktyor əməyimə niyə qiymət vermirlər? Bunun günahı kimdədir?
- Natiq Aslan kinofilmlərdə, televiziya seriallarında da çəkilir. Bu işlərinizdən razısınızmı?
- Bu da gözəl sualdır. Bir tərəfdən razıyam. Ona görə ki, aktyor üçün başqa yerdən qazanc yeri yoxdur. Maddi tərəfdən mənə sərf edir çəkilim pul qazanım, amma peşəkarlıq cəhətdən iradlarım çoxdur. Çünki səviyyə o dərəcədə deyil, peşəkarlıq azdır və istər rejissorlar tərəfindən, istər ssenari tərəfindən, istərsə də aktyor oyunu baxımından seriallarımız istənilən səviyyədə deyil. Bu, mənim öz fikrimdir. Kimsə bununla razılaşmaya bilər. Çünki bu gün dünyada kino aləmində çox böyük işlər görülür. Bizim seriallarımız və kinofilmlərimiz onların yanında çox bəsit və qeyri-peşəkardır.
- Müasir Azərbaycan teatrına və kinosuna sizin baxışınız necədir?
- Bu, çox ciddi sualdır. Burada iki kəlimə ilə bunu izah edə bilməyəcəm. Yaxşısı budur bu sualı ötürüm, çünki bunu görməyə mənim nə stajım çatacaq, nə də ki, ömrüm. Yəqin ki, 5 ildən sonra 65 yaşım olanda məni “yaş senzinə” görə işdən azad edəcəklər. Amma bir arzum var. Azərbaycan teatrı və kinosu dünyada nə vaxtsa öz sözünü deyə bilsə mən də bir azərbaycanlı kimi buna çox sevinərəm.
- Çox zaman ədəbiyyat, incəsənət sahəsində çalışanların ailələrində böyük narazılıq olur. Çünki bu sahələrdəki az əmək haqqı ilə ailəni dolandırmaq çox çətindir. Sizdə, ailədə buna münasibət necədir?
- Ailə quranda həyat yoldaşım bilirdi ki, mən hansı sənətdəyəm. Bilirdi ki, aktyorun maaşı çox aşağıdır və o cəhətdən biz əl-ələ verib çalışdıq, işlədik. O da mənə dəstək oldu. Şükür bu günümüzə. Artıq 30 ildir bir yerdəyik. İki övladımız var. Həyat yoldaşım və övladlarım həmişə mənə dəstək olurlar.
- 60 illik həyatınızdan keçmişə baxanda nələrə daha çox heyifsilənirsiniz?
- Keçmişə baxanda çox şeylərə heyifsilənirəm. Çünki çox səhvlərim olub... Əgər digər addım atsaydım başqa cür olardı. Uşaqlıqdan riyaziyyat elminə marağım çox olub. Düşünürdüm ki, riyaziyyatçı olacam. Qismət yönəltdi məni bu sahəyə-aktyorluq sənətinə. Çox təəssüflənirəm ki, riyaziyyatçı olmamışam. Mən uşaqlıqda hətta fikirləşirdim ki, ixtiraçı olacam, nəyisə ixtira edəcəm, insanların ürəyini, gözlərini, fikirlərini oxuyacam ki, onlar nə demək istəyir. Məşhur Əbu Turxan deyib ki, “dil təfəkkürün qəlibidir”.
- Əgər bir də dünyaya gəlsəydiniz yenidən bu məşəqqətli, əzablı teatr sənətini seçərdinizmi?
- Bu orijinal və ürəyimcə olan sualdır. Mən əgər yenidən doğulsaydım... Əgər Amerikada doğulsaydım məmnuniyyətlə yenidən aktyor olardım, amma səmimi deyim ki, bu ölkədə yox. Tamamilə başqa sənəti, yəqin ki, uşaqlıq arzum olan riyaziyyatı seçərdim. Azərbaycanda teatr sənətinin arxasınca getməzdim, çünki aktyorluq sənətini ucuzlaşdırıblar. Bu sənətə qiymət çox itib. Amma başqa ölkələrdə belə deyil. Həmin ölkələrdə aktyorlar çox uca tutulur. Elə burada yenə Əbu Turxanın bir kəlamı yadıma düşdü: “Ən gözəl nitq ən qısa nitqdir”. Mən də elə nitqimi bununla tamamlayıram. Demək istədiklərimi, amma deyə bilmədiklərimi qoy oxucular özləri fikirləşsinlər...
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
P.S. Natiq Aslan daha heç nə demədi. Amma bilirdim ki, deyiləsi sözləri çoxdur... Həmin sözləri, ürəyində hər gün öz-özünə danışır. Onun ürəyi də bu dərdləri öz içərisində çəkə bilmədiyinə görə xəstədir. Hər gün Natiq Aslana böyük əziyyət verir. Kardioloqlar da onun ürəyinin dərdini tapmaqda çətinlik çəkirlər. Axı Natiq Aslanın özü boyda ürəyi var. O ürək təkcə öz dərdini yox, başqalarının da dərdini çəkir... Bu dərdlərə də o ürək necə dözsün?!.