DAĞILMIŞ AĞDAM ŞAİR GÖZÜ İLƏ
Rəfail Tağızadə Azərbaycan oxucularına yaxşı tanışdır.Vaxtı ilə ilk qələm təcrübəsi olan şeirləri ilk dəfə “Təzadlar”da dərc olunandan sevildi R.Tağızadə. Bu gün püxtələşmiş şair və publisist kimi, R.Tağızadənin cəmiyyətdə özünəməxsus yeri, mövqeyi olduğu kimi, öz doğma qəzeti bildiyi “Təzadlar”ın da qəlbində ayrı yeri var.
İşğaldan azad olunan doğma Ağdama ilk səfəri, şair kimi ürəyində, qəlbində fırtınalar yaratdı R.Tağızadənin. Erməni vəhşilərinin viranə qoyduğu yurdu o vəziyyətdə görüb, dözmək hər oğulun hünəri deyildi. Şair üçün isə, bu ağrı,acı ikiqat dözülməzdir. Belə səfərlərin birində vandal ermənilərin xaraba qoyduqları yurdda öz evinin yerini axtaran bir anaya R.Tağızadənin həsr etdiyi şeir olduqca təsirlidir. R.Tağızadənin həmin duyğulu seirini “Təzadlar”ın oxucularına təqdim edirəm.
***
Dəli sakiniyəm divanə evin
İşğaldan azad edilmiş və ermənilərin xarabaya çevirdiyi Ağdamda evini axtaran anaya həsr olunur
Mən sənin dərdinəm, göz yaşlarınam,
Sürünən ayağın, əsən əlinəm.
Ümidi qeyb olan, gümanı itən,
Çoxdan axtardığın həmin dəliyəm.
Dəli sakiniyəm divanə evin,
Gömülən daşlar da mənimtək xəstə.
Əlinin izini tapa bilməyən,
Hör məni o sökük bünövrə üstə.
Sovulan həyatda nə həyət-baca...
Darvaza yerində yulğunlar bitib.
Xatirə xəyalı yediyi gündən
Mənim varlığımın mənası itib.
Axtarıb evini tapa bilməmək,
Dünyanın ən ağır yaşam səhnəsi.
Evin sökük daşı çağıra səni,
Aza tərəddüddə “həə” kəlməsi.
Yolun, yolağan yox, izin tapıla,
İtən çəpərlərdə həyətlər olmur.
Divarsız evlər də boş qəbir kimi.
İçinə girirəm, ...dolmur ki, dolmur.
Rəfail Tağızadə
08.01.2022
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ