ERMƏNİ HƏKİMLƏR HABİL ƏLİYEVİ NECƏ ÖLDÜRMƏK İSTƏYİRDİ?
Yaxud, kaman ustadının qan şırımları arasından baxan gözləri...
(Xalq artisti Habil Əliyevin həyatı ilə bağlı sensasion faktlar)
...9 may 1975-ci il. Təqvimdə qırmızıya alınıb faşist Almaniyası üzərində 30 illik qələbəmizin təntənəli yad edildiyi gün! O gün əksər Dövlət müəssisələri işləməsə də, o zamankı Stepan Şaumyan adına (indiki Əfəndiyev) 2 saylı Bakı şəhər klinik xəstəxanasının cərrahiyyə şöbəsinin təcili yardım üzrə mütəşəkkil, tibbi avadanlıqla tam təchiz olunmuş həkim briqadaları var gücüylə işləyirdi!
O zamankı Bakı Baş Səhiyyə İdarəsinin rəhbəri M.Əsədovun sərəncamına əsasən hər gün şəhərin beş klinik xəstəxanasından biri təcili cərrahi yardıma ehtiyacı olan xəstələrin qəbulu üzrə növbə çəkməli idi. Bir gün bir klinika bütün gücüylə işlədiyi halda, qalan dörd klinika əməlli-başlı “istirahət” edirdi. Bakı kimi böyük bir şəhərin təcili cərrahiyyə yardımına ehtiyacı olan xəstələrinə yardım etmək bir xəstəxana üçün çox müşkül məsələ idi. Cərrahlar əməliyyat otaqlarında xəstələri üzük qaşı kimi araya alıb ölüm-dirim mübarizəsinə atılırdılar. Onlar diz bükmədən, iş başında səhəri diri gözlü açırdılar. Öz saglamlıqları bahasına ömürləri tükdən asılı olan neçə-neçə xəstəni ölümün pəncəsindən alırdılar!.. Cərrahi briqadalar sutka ərzində yardıma bütün gücünü sərf edib əldən-ayaqdan düşürdülər. Bu çox üzücü bir iş üsulu idi. Belə basa-basda çox zaman kəmiyyətlə keyfiyyət uzlaşmırdı. Səmərəsi az, əzabı çox olan bu lüzumsuz iş üsulunu o zamankı səhiyyə rəhbərliyi hansı başla təklif etmişdi? Eksperiment xatirinəmi?! Yəqin ki, düzgün cavab budur!.. Nə isə...
***
Həmin gün S.Şaumyan adına 2 saylı Bakı şəhər klinik xəstəxanasının cərrahiyyə qəbul şöbəsində həkim briqadamız bütün şəhər üzrə təcili cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrə yardım göstərmək üçün növbə çəkirdi. Təcili Yardım masınlarının “SOS” siqnalını andıran uğultusundan qulaq tutulurdu. Cərrahiyyə qəbul şöbəsində iş başdan aşırdı. Xərək xərəyə söykənmişdi. Xəstələrin iniltisindən, sızıltısından ürək şan-şan olurdu. Bu arada diyircəkli əl arabasının üstündəki xərəkdə al qan içində uzanmış bir xəstə qəbul şöbəsində reqistratura ilə məşğul olan tibb bacısı Avakyan Raisa Arakelovnanın diqqətini cəlb etdi. Heç vaxt yardım və müalicə ilə məşğul olmayan, ancaq dəftərxana işinə baxan qoca harsın Raisa Arakelovna yaşına uyğun olmayan bir cəldliklə sıçrayaraq, qızılquş kimi şığıdı. O yan-yörədə qan-qox silib təmizləyən xadimə Mirimanyan Veranı səslədi.
-Vera, şutara, arı stex, bırni!... (Vera, cəld gəl bura, götür!).
Sözgəlişi onu da deyim ki, xəstəxana Stepan Şaumyanın adını daşıdığından, burada çoxlu erməni işləyirdi. Fəxrlə deyirdilər: “Şaumyanın balnisasında işləyirik! Bura bizim balnisadır!..”.
Vera əlindəki işi yarımçıq qoyub, Raisa Arakelovnanın göstərişinə əməl etdi. Vera Mirimanyan xərəyin qabaq qollarından, Raisa Arakelovna isə arxa tərəfindən yapışdı. Mən başqa xəstəylə məşğul olsam da, gözümü onlardan çəkmirdim. Düşündüm ki, xəstənin vəziyyətinin çox ağır olduğunu nəzərə alıb, onlar xəstəni növbədənkənar sarğı otağına vermək fikrindədilər. Gördüm yox, onlar diyircəkli arabanın üstündəki yaralını dəhlizin o biri başına tərəf aparırlar. Xəstəni arabaqarışıq orada qoyub,geri qayıtdılr.Dəhlizin o başı alaqaranlıq idi. Bir kimsənin orada işi yox idi. Çox təəccübləndim. Əlimdəki işi tez qurtarıb, dəhlizin o biri başına yüyürdüm. Diyircəkli arabanı çəkə-çəkə sarğı otağının qarşısına gətirdim. Xəstə zarıyırdı. Sifəti qanın içində idi. Qan şırımları arasından bir cüt tanış göz yazıq-yazıq mənə baxıb imdad diləyirdi. O, Habil Əliyev idi!..
Mən indi başa düşdüm ki, Raisa Arakelovna və Mirimanyan Vera Habil Əliyevin xərəyini niyə qaranlıq küncə çəkiblər?! Cavabı birmənalıdır: onu həkimlərin nəzər-diqqətindən yayındırıblar ki, qanaxmadan tələf olsun!.. Bax budur əsl erməni xisləti, erməni alçaqlığı!.. Bu nankorlar zaman-zaman çörəyimizi yeyib, suyumuzu içiblər, özümüzə də qənim kəsiliblər!..
Mən xərəyi əməliyyat otağına aparmaq istəyəndə, Raisa Arakelovna cəld ayağa qalxıb qarşımda sipər kimi dayandı:
-Doktor Aliev, soblödayte oçeredğ!.. (Raisa Arakelovna dilimizi təmiz bilsə də, bizim dildə danışmırdı. Dilimizə xor baxırdı - RED.).
Mən üzümü bozardıb,danışdığı dildə soruşdum:
-A qde eqo oçeredğ, v konüe koridora-v temnom uqolke? Kak vam ne stıdno, za svoi postupki!..
O, söz altda qalmadı:
- Doktor, estğ porədok. Gti bolğnıe toje jdut!- deyib əli ilə ayaq üstə dayanan yüngül xəsarət almış ambulator xəstələri göstərdi.
Mən səsimi ucaltdım.
- Raisa Arakelovna, kto vas upolnomoçil zdesğ navesti porədok?... Vı zaymitesğ svoey makulaturoy. Bolğnoy nasıloçnıy, oçenğ təjelıy! Mnoqo krovi terəet. On proydet vne oçeredi!...
O, dodağının altında ermənicə nəsə mızıldadı, aydın eşitmədim.
Birdən soruşdum:
-Raisa Arakelovna, voobhe vı znaete kto on takoy?
O kinayəylə dedi:
-Koneçno znaö, podumaeşğ bolğşaə şişka, kamança Abil da!...- deyib uzunşüllə burnunun timiyini sol əlinin baş və şəhadət barmaqları arasına alıb sağ əlinin şəhadət barmağını qəmçil kimi burnunun üzərində sağa-sola sürüşdürərək ağzında kamanın səsinə oxşayan “dız-dız-dız...”-səslər çıxartdı. Özümü saxlaya bilmədim:
-Raisa Arakelovna, vaş Nefton Qriqorən “Dız-dız...” delaet. Qabilğ Aliev na samom dele bolğşaə liçnostğ, on qordostğ naşeqo naroda!
Habil Əliyevin xərəyini əməliyyat otağına gətirdim. Əməliyyat tibb bacısına bildirdim ki, xəstə çox qan itirib, vəziyyəti ağırdır... O da Habil Əliyevi dərhal tanıdı, çox məyus oldu...
Habil Əliyevin başında böyük ölçülü əzilmiş, çapılmış yara aşkarlandı. Yaradan güclü qan axırdı. Yerli keyləşdirmə altında yaranı I-li cərrahi üsulla işlədim. Qanaxmanı saxladım, dərinin yarasını kosmetik tikişlərlə tikdim. Görülən intensiv kompleks tədbirlərdən sonra Habil Əliyev tədricən özünə gəldi. Gözlərini açan kimi, sol əlinin barmaqlarını bir-bir sağ əlinin baş və şəhadət barmaqları arasına alıb astaca silkələyə-silkələyə yoxladı... Görəndə ki, barmaqları yerindədi, salamatdılar, o, körpə uşaq kimi sevindi, solğun dodaqlarına xəfif bir təbəssüm qondu:
-Həkim, Sizə çox-çox təşəkkür edirəm! Söz verirəm ki, bu barmaqlarımla Sizə gözəl bir toy hədiyyə edəcəyəm!...
Dedim:
-Habilcan, Sizin sağlığınız bizim hamımız üçün toy-bayramdır!..
Habilin yadına nə düşdüsə birdən yan-yörəsinə boylanmağa başladı:
-Mənim yoldaşım da bu şöbədə olmalıdır, biz birgə qəzaya düşmüşük. Xahiş edirəm öyrənin, adı Şərqiyyədir...
Habil Əliyevi palatada yerləşdirib, təcili geri qayıtdım. Qeydiyyat jurnalını nəzərdən keçirdim. Öyrəndim ki, Əliyeva Şərqiyyə travmatologiya şöbəsinə qəbul olunub. Ona baş çəkdim. Ayağına dizdən aşağı gips sarğısı qoyulmuşdu. Başının üstündə asılan rentgen şəklinə nəzər saldım: qamış sümüyü sınmışdı. Ona yanaşıb astadan dedim:
-Xanım, yastığınız yüngül olsun! Allah şəfanızı versin! Siz Habil Əliyevin həyat yoldaşısınız, eləmi?
Qadın yuxudan ayılan kimi oldu:
-Bəli,-sinəsi həyəcandan körük kimi qalxıb enirdi,-çox narahatam, Habilə nə olub, deyin o hardadır?
O, təşviş içində idi, məndən səbrsizliklə cavab gözləyirdi. Ona toxtaqlıq verdim:
-Şərqiyyə xanım, qorxmayın Habil sağ-salamatdır! Yüngül xəsarət alıb, yardım göstərilib, indi palatadadır, inşallah, tezliklə görüşəcəksiniz!..
O, gözlərini bir anlıq yumub rahatlandı. Dodaqlarından bir səda qopdu:
-Allaha şükür!..
Şərqiyyə xanım özü haqqında da məndən məlumat almaq istədi. Ona ürək-dirək verdim:
-Narahat olmayın! Yüngül zədə almısınız. Hər şey qaydasına düşəcək, tam arxayın olun!..
Şərqiyyə xanımın ürəyi qubar etməsin deyə, həm Habilin, həm də özünün aldığı xəsarətin ağırlıq dərəcəsini ona açıqlamadım. Mən Habilin yanına qayıtdım.O, həyat yoldaşının sağ-salamat olduğunu eşidəndə, sevindi. Əllərini yuxarı qaldırıb dedi:
-Xudaya, Sənə şükür, bizə qıymadın!
Araya sükut çökdü. Bir azdan soruşdum:
- Habilcan, bu nə qəzavü-qədərdi başınıza gəlib?
-Xalam oğlu İsmi uzun illərdir ki, bronxial astma xəstəliyindən əziyyət çəkir. Bu gün əhvalı qarışdığından, Şərqiyyə ilə ona baş çəkməyi qərara aldıq. Tələsirdik onun harayına tez çataq! Şaumyan adına xəstəxananın yaxınlığında “JİQULİ” maşınım tramvayla toqquşdu. Dünya başıma fırlandı, gözlərim qaraldı... Daha sonra heç nəyi xatırlamıram... İndi hər şey mənə yuxu kimi gəlir...
Mən Habil Əliyevin onun həyatına qəsd etmək istəyən Avakyan Raisa Arakelovna və Mirimanyan Vera barəsində heç nə demədim. Düşündüm ki, bu söhbət xəstəxana divarlarından kənara çıxsa, ona ermənipərəst qüvvələr siyasi don geydirəcəklər! Əvvəlcə mənim, sonra da Habilin başı ağrıyacaqdı... Deyəcəkdilər ki, ermənilərə şər atırsınız! Axırda işə Moskva qarışacaqdı (Amma o, sağalıb evə buraxılanda bu barədə ona danışdım).
O dövrün abı-havası tamam başqa cür idi. Üç nəfər Azərbaycanlı həkimini işdən çıxarmaq çox asan idi, nəinki bir nəfər erməni tibb bacısını! Çünki ermənilərin arxasında özümüzünkülər dayanmışdılar! İçimizdə onların dayaq nöqtələri indi də var! Bax bu da bizim böyük faciəmizdir!
Görəsən, indiyədək başımıza gətirilənlər və gələnlər elə hamımıza dərs olacaqmı? Yoxsa, yenə də unutqanlıq “xəstəliyi”nin qurbanı olacağıq?!
Əliyev Ramiz Mövsüm oğlu,
həkim