"Soydaşlarımız gürcü dilini öyrənməli və Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya etməlidirlər, lakin ana dilini unutmamalıdırlar".
"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı icmanın üzvləri ilə görüşdə qeyd edib. Yerli icma nümayəndələri ana dilində bədii kitabların çatışmazlığı ilə bağlı nazirə suallar ünvanlayıblar. Nazir bu barədə deyib: “Hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi nəzərdən keçiriləcək. Bunun üçün bu ölkədəki kitabxanalarla bağlı təhlil aparılmalıdır”. O həmçinin qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanları araşdırıla bilər: “Bu, icma üzvlərinə azərbaycandilli kitabları yerində əldə etmək imkanı verəcək”. Nazir Gürcüstanın azərbaycanlı rəssamlarının Bakıda sərgisinin təşkili təklifinə də münasibət açıqlayıb: “Rəssamlara ən gözəl dəstək onların sərgisinin keçirilməsidir. Sərginin Bakıda sərgi salonlarından birində təşkilinə dəstək verməyə hazırıq”, - deyə mədəniyyət naziri Anar Kərimov qeyd edib.