Türkiyənin xarici işlər naziri Həsən Fidan ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi ideyasını qəbuledilməz adlandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bundan əvvəl Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza sakinlərinin müxtəlif ölkələrə, o cümlədən İordaniya və Misirə köçürülə biləcəyini bildirmişdi. Amerika liderinin fikrincə, anklavın özü “sökülmə yeridir”. Eyni zamanda, o vurğulayıb ki, ABŞ sonradan regiona nəzarəti ələ keçirmək istəsə də, Vaşinqton köçürülməni maliyyələşdirməyəcək.
“Bu qəbuledilməzdir. Axı münaqişənin səbəbi də elə bu idi. Region ölkələrinin bu bəyanata reaksiyasını görürük”, – Fidan Trampın sözlərini şərh edərkən deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, nə Ankara, nə də digər region ölkələri hadisələrin belə nəticəsini qəbul etməyəcəklər. Türkiyə hakimiyyəti bu cür təşəbbüslərə qarşıdır, çünki onlar “Qəzza xalqını bərabərlikdən” çıxarmağa çalışırlar.
E.ŞİRİNOV