Aparıcı Ulvira Qarayeva qızı Zeynəblə olan açıq-saçıq şəkilini “İnstaqram” hesabında paylaşıb ki, guya bu da izləyicilərin marağına səbəb olub.

P.S. Marağa səbəb olar dəə... Ana öz qızına abır-həyalı olmağı öyrətmək əvəzinə, qızından betər açıq-saçıq çəkilən şəkillərini paylaşır. Adama deyərlər, ay Ulvira xanım, sənin 50 yaşın var, bu yaşda bu geyim nə deməkdir? Qızı yazıq da neyləsin? Anasına baxıb o da açıq-saçıq geyinəcək dəə... Bu səbəbdən də ana-balanın açıq-saçıq şəkilləri marağa səbəb olub.

***

 Bu günlərdə müğənni Lalə Məmmədova TRT-də yayımlanan bir verilişə dəvət edilib və həddindən artıq açıq-saçıq geyindiyi üçün efirə buraxılmayıb. Yalnız paltarını dəyişib, özünü abıra salandan sonra verilişdə qonaq ola bilib.

P.S.Görəsən bu 46 yaşlı, özü də filologiya elmləri namizədi(?) Lalə Məmmədova bədən əzalarını çöldə qoyub nümayiş etdirməklə türklərə nə demək istəyib? Türkləri açıq-saçıq geyinməklə təəccübləndirmək mümkün deyil. Nöşün ki, orada yeri gələndə Lalə xanımdan da açıq-saçıq geyinənlər, nə qədər desən var. Ancaq belələrini  dövlət kanalı olduğu üçün TRT-nin efirinə buraxmırlar. Sağ əlləri bizim dövlət kanalı olan AzTV-nin başına. Filologiya elmləri namizədi (?) olan alim kimi Lalə xanım belə incəlikləri bilməli idi. Bir də ki, Lalə xanımın bədən əzalarının türklərdə maraq oyadacağına da heç inanmıram. Amma Lalə Məmmədova bir azərbaycanlı xanım və alim kimi gərək özünə hörmət qoyaydı və belə bir biabırçılıqla da üzləşib, adımızı da biabır etməyəydi. Axı ora səsini-sözünü göstərməyə getmişdi, bədən əzalarını yox...

***

Müğənni Təranə Qumralın qızı müğənni Qumral “Xəbərin var?” verilişində ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib.

P.S. Qumral bala, düz edib qısqanırsan. İndi şou-əhli olan xanımın ərdə olmasının özü bir sensiyasiyadır. Ona görə də ərini bərk saxla və hara getsən, onun gözlərini qara lentlə bağla ki, heç kimi görməsin. Tərs kimi də indi bütün məclislərə qızlar az qala lütlənib gəlirlər. Ona görə də ehtiyatlı ol, yoxsa kişi əldən gedər haa...

***

Mətbuatdan məlum olur ki, xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb.

P.S. Görəsən, heç olmasa, o diplomların sahibləri tanınırmı?

***

Neçə vaxtdır növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər dolaşır. Hətta qəzetlərin birində bu barədə yazılan məqaləyə belə başlıq da qoyulyb: “Deputatlardan kimlər namizədliyini verməyəcək?”

P.S. Eh, rəhmətliyin oğlu, elə başlıq yazmaqdansa, belə yazsan daha yaxşı olardı: “Ramiz Mehdiyev getdiyindən indi deputatlardan kimlər intihar edəcək?” Bəli, bəli, məhz belə yazılmalıdır. Çünki onillərlə parlamentdə oturan deputat, oranı özünün evi, eşiyi, varı-dövləti, obyekti, bahalı villası, maşını, oteli, restoranı, şadlıq evləri, bankı, fermer təsərrüfatı, hektarlarla torpaq və bağ sahələri, balıqçılıq vətəgəsi, toyuq fermaları və s. bilirdi. Növbəti seçkidə namizədliyini verməyən deputat, bütün bunlardan məhrum olacaq axı. Bu isə nə deməkdir? Ay sağ ol, bu, tısbağanı ya öldürdün,  ya da dalı üstə çevirdin, fərqi yoxdur, eyni şeydir. Bir az da açıq desək, bu, ölümə bərabərdir. İndi növbədənkənar formalaşacaq parlament görəsən, nə qədər deputatın o mənada “ölümünə” səbəb olmaqla, qan çanağına dönəcək? Əlbəttə, dönəcək! Amma indidən konkret bir söz demək çətindir. Bunu gələcək göstərər...

***

Məlumatlara görə “Gəncə Şəhər Birləşmiş Xəstəxana”nın vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Adilov və digərləri onların kartlarına son 3 ildə 364 min manat pul köçürərək, mənimsəmələrinə görə Koorupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

P.S. Çox nahaq! Əvvəlla, o 364 min manatı 5-6 nəfər arasında böləndə adama 50-60 min manat pul düşür. Onu da 3 ilə böləndə adama 1 ilə təxminən 16 min manat qalır. Onu da aylara böləndə məlum olur ki, bu yazıqlar hər ay orta hesabla vur-tut 1000 manat qazanırlarmış. İndi belə bir sual yaranır: -1000 manata görə adam tutarlar, ay insafsızlar? 1000 manat da rüşvət olar? Rüşvət olar 1 milyon, 5 milyon, yoxsa, 1000 manat? Əksinə, bu rüşvətin adını batırmaqdır. İmkan verərdiniz rüşvəti bir az da artırardılar və olardılar iş adamı, biznesmen. Bu 1000 manata görə tutulanlar isə həkimdirlər eee...

***

Bu günlərdə Tehran Universitetinin professoru Əhməd Kazımi Türk Dövlətləri Təşkilatının yaranmasını “Sionizm və anqlosaks planı” adlandırıb. “Müsəlman-sionizm fenomeni”nin yaradılmasına çalışıldığını bildirməsinə tarixçi alim Faiq Ələkbərli isə belə cavab verib: “Türkiyə-Azərbaycan müttəfiqliyi Türk Dövlətləri Təşkilatlarının inkişafı İranı və onların havadarlarını ciddi şəkildə narahat edir”.

P.S. Hörmətli Faiq müəllim, narahat edir yox e, lap yuxusunu ərşə çəkir. İran Azərbaycan-Türkiyə adını lüğətdən sildirmək üçün bəlkə də varını-yoxunu qurban verər. Müstəqil Azərbaycan Dövlətinin son illər Qarabağda və dünyada qazandığı qələbələr, uğurlar İranın molla rejimini yandırıb, çızdağını çıxarır. 

***

Müğənni sayılan Səidə Sultan “Cümə Axşamı” proqramında tamaşaçıların zövqündən gileylənərək belə deyib: “Azərbaycanda sosial problem heç kimin vecinə deyil. Özünü öldür, xeyri yoxdur. Ucuz mahnı alanlar daha məşhurdur. Əsl sənət, insanları maraqlandırmır. Amma denən Səmayənin qızı boşanıb. Hamı başlayacaq maraqlanmağa, hamıya bu lazımdır”.

P.S. Özü yıxılan ağlamaz, Səidə xanım. İllərdir yanaşdığın tamaşaçıya sənət, səs yox, efirdə soyunub bədən əzalarını göstərdiniz. Elə təzəlikcə “El canlı” verilişində az qala yubkasız, yəni alt patarı görünməklə rəqs eləməyin bizim mahnı janırımızın nə yerdə olduğunun bariz nümunəsidir. Belə çılpaqlaşaraq, o sponsordan bu sponsora meyl saldınız. O sevgilidən ayrılıb, bu sevgili ilə “çaşka-loşka” oldunuz. Dünyaya gələn uşağın atasının kim olduğunu, efirlərdən bilmədiyinizi dediniz. Başqasının ərini əlindən almağınızla fəxr etdiniz. Nəticədə indi gördüyünüz zövqsüz, duyğusuz bir tamaşaçı nəsli yetişdirdiniz. Çünki gözləri soyunmuş budlarında olan tamaşaçını, sənin olmayan səsin, sənətin maraqlandırmır axı. İndi Səidə xanım, dərin və nuş canlıqla yeyin də yetişdirdiyiniz “meyvələri”in bəhrəsini. Niyə narazılıq edirsən?

***

Xalq artisti Akif İslamzadə “Mirinin dibçəyi” verilişində “Niyə efirdə az görünürsünüz” sualına belə cavab verib: “Baxıram verilişlərin əksəriyyətinin aparıcıları qadındır. Qadınlar baldırlarını göstərir, kişilər də köynəyinin düyməsini göbəyinə kimi açır. Mən onlara insan da demirəm, məxluqat deyirəm. Bu əxlaqsızlıqdır, ədəbsizlikdir”.

P.S. Eh, ay Akif bəy, sən nə qoyub, nə axtarırsan. Biz indi elə bir dövrə gəlib çatmışıq ki, belə məxluqatlara, ədəbsiz və əxlaqsızlara böyük tələbat yaranıb. Artıq bir az yaşlaşan ədəbsiz məxluqatlatın gərgin əməyi sayəsində yeni əxlaqsız və ədəbsiz gənc nəsil yetişir və onlar da efirlərin bəzəyinə çevrilirlər. Efir rəhbərləri də belə əxlaqsız və ədəbsizləri çox sevdiklərindən “getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə ekranlardan çıxmağa qoymurlar. İndi Akif bəy, əxlaqsız və ədəbsiz olmayana cəmiyyət belə bir təhər baxır ee, mən ölüm. Çünki dövran bunlarındır, Akif bəy!

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN