Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Antalya bölgəsində mədəniyyət və incəsənət sahəsi üzrə fəaliyyət göstərən həmvətənlərimizlə görüşüb. Toplantıda gələcəkdə milli mədəniyyətimizin və Azərbaycan-Türkiyə qardaşlığının birgə təbliğinə dair müzakirələr aparılıb.
Bu barədə Tezadlar.az-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görüşdə yerli Azərbaycan icmasının rəhbərliyi, təşkilatın nümayəndələri, Türkiyədə çalışan tanınmış rəssamlar və sənət adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayıl Türkiyənin tarix, mədəniyyət və turizm baxımından olduqca əhəmiyyətli bölgələrindən olan Antalyada 5 minə yaxın soydaşımızın yaşadığını, onların bir çoxunun qardaş ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğulayan dərnək sədri bu qurumun Antalya bölgəsində də milli mədəniyyətimizin təbliği və ölkəmizin tanıdılması baxımdan mühüm imkanlar yaratdığını vurğulayıb.
Mərkəzin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutan Azərbaycan-Türkiyə qardaşlığı, milli mədəniyyətimizin Türkiyədə təbliği, iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi və bu istiqamətdə dövlətimizin həyata keçirdiyi siyasət barədə danışıb, rəhbərlik etdiyi qurumun gələcək layihələri haqqında məlumat verib.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlığın daha da artırılması və təcrübə mübadilələrinin vacibliyini vurğulan
Samir Abbasov bu baxımdan mərkəzin Türkiyədə çalışan soydaşlarımız, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, çoxsaylı tələbələrimizlə əməkdaşlığa hazır olduğunu bildirib.
O, gələcəkdə Antalya bölgəsi üzrə həyata keçirilə bilən layihələr və tədbirlər haqqında danışıb.
Tədbirdə iştirak edən yerli azərbaycanlı mədəniyyət xadimləri və ziyalılar milli mədəniyyətimizin təbliği, dostluq-qardaşlıq münasibətlərimizin inkişafına dəstək məqsədilə yaradılan bu mərkəz üçün Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə edib, görüşün təşkilindən məmnunluq hissi keçirdiklərini bildiriblər.
Görüşdə iştirakçıların təmsil etdikləri sənət sahələri üzrə fəaliyyətləri, milli mədəniyyətimizin təbliği, Azərbaycan-Türkiyə dostluğu və mədəni əlaqələri, həyata keçirilməsi zəruri olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, bir neçə layihənin reallaşdırılmasına dair razılıq əldə olunub.
Sonra Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi üçün yaradılmış şərait və buradakı Azərbaycan icmasının fəaliyyəti ilə tanışlıq olub, Antalyanın Muratpaşa Bələdiyyəsinin ərazisində yerləşən “Azərbaycan Mədəniyyət Parkı” ziyarət edilib.
R.XUDATQIZI