Elza Seyidcahan ona verilişlərin birində “xalqa təlxəklər, pulsuz oynadılan meymunlar lazımdır” dediyinə görə, müğənni Roza Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu günlərdə keçirilən məhkəmənin birinci iclası təxirə salınıb.

P.S. İndi gəl, ayrıd et görüm kim düz deyir? Deyəcəksən ki, Roza Zərgərli düz deyir, onda Elza Seyidcahan səni də məhkəməyə verəcək. Yox, əgər desən ki, Elza düz edib məhkəməyə üz tutub, onda da Roza Zərgərli səninlə qanlı-bıçaq olacaq. Əşi, nəyimə lazımdır şou biznesdə kim təlxəkdir və ya kim pulsuz oynadılan meymundur? Ağrımayan başıma niyə dəsmal bağlayım ki? Görək məhkəmə nə qərar qəbul edəcək? Ondan sonra danışarıq.

***

Qəzetlərin birində bəzi şirkətlərin və sahibkarların xarici ölkələrə milyonlarla manat pul köçürmələrindən bəhs edən yazıya belə başlıq qoyulub: “Sahibkarlar milyonları ölkədən niyə qaçırır?”

P.S. Deyirəm nə qədər avam adamlar var e, mən ölüm. Adama deyən lazımdır ki, sahibkarlar milyonları ölkədən niyə çıxarmasın axı? Gözləməlidirlər ki, o milyonları kimsə tutub əllərindən alsın? Yoxsa Bakının yağışdan əmələ gələn sel-sularına qurban versinlər?  O milyonlar bir də onlara “içəridə”  lazım ola bilər. Amma bunu da sahibkarlar təbii ki, istəmir. Məşədi Kazımın ruhuna and olsun, elə ən yaxşısı və ən rahatı o milyonları ölkədən çıxarmaqdır.

***

Bu yaxınlarda keçirilən Milli Məclisin iclaslarının birində İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov araqların qiymətindən danışaraq belə deyibmiş: “Bazarda 2-3 manata araq məhsulları satılır. Halbuki 1 litr araq üçün dövlət tərəfindən müəyyən edilmiş aksiz vergisi 4,8 manatdır. Necə ola bilər ki, 4,8 manat aksiz vergisi olan məhsul bazarda 2-3 manata satılır? Burada vergidən yayınma var...”

P.S. Hörmətli deputatımız Azər müəllim, belə araq söhbətini Milli Məclisdə yox e, içki məclisində müzakirə etmək lazımdır. Dediyiniz o 2-3 manatlıq araqdan 100-150 qram içib sonra müzakirə aparmaq olaq ki, görək bu ucuz arağı içənlər kimlərdir, bahalı arağı içənlər hansı təbəqəni təmsil edirlər? İndi deyirsiniz yazıq kasıb o 2-3 manatlıq araqdan içib, banka olan kredit borcunu və başqa dərdlərini bir neçə saatlıq da olsa, unutmasın? Kasıba xidmət edən 1 manatlıq taksilərə əl uzatdınız. Kasıba evinin və işinin qabağında maşın saxlamağı pullu olduğundan qadağan etdiniz. Azər müəllim, bax bu 2-3 manatlıq arağı da kasıbın əlindən alsanız, sonrakı baş verəcək bədbəxt hadisələrə cavabdeh deyiləm.  Milyonların qabağında dayanmaq asan məsələ deyil haaa...

***

aqil-abbas

Milli Məclisin  iclasında azad olunmuş rayonlara qayıdan insanlara torpaq sahələrinin verilməməsindən danışan Aqil Abbas belə deyib: “Xocalıya köçənlərə bir metr də torpaq verilməyib. Amma Xocalıdan olmayan adamın 600 hektar torpaq sahəsi var. Torpaqlar kiminsə monopoliyası üçün azad olunmayıb”.

P.S. Aqil müəllim, düzdür, o torpaqları kasıb balaları canından keçərək alıblar. Amma məmurlar da canından artıq sevdikləri pulundan keçib, o torpaqları alıblar dayna. Məmur üçün pulundan keçmək elə bilirsiniz asan məsələdir? Milyonları olan o mərmurlar üçün pulundan keçmək, canından keçmək kimi bir şeydir. Belələrinin pulu çıxanda elə bil canı çıxır. Belə monopolistlər 44 günlük döyüş zamanı, oğulları ilə birlikdə gizlənsələr də, alış-veriş məsələlərində öndə olması, özünə aid olmayan yerləri zəbt eləməsi çox vacibdir, mən ölüm.

***

Deputat Fazil Mustafa Milli Məclisin iclaslarının birində 3-4 dəfə dünya çempionu olanların şəkillərinin heç bir məktəbdə olmadığından danışarkən belə deyib: “Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində və digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, mamoşların, daha kimlərin təbliğatı gedir”.

P.S. Fazil bəy, televiziyalarımız Avropada və dünyada bayrağımızı ucaldanları şəhidlərimizi, qazilərimizi və veteranlarımızı yox, baboşları, mamoşları, bayram nurluları, əxlaqsızlıq yayaraq, gənclərimizin mənəviyyatını pozan şou-əhlini təbliğ edirlər. Məktəb rəhbərləri neyləsinlər? Beləcə xalqımızın böyük əksəriyyətinin zövqü korlandığından baboşlar, mamoşlar onlar üçün az qala əsl kişi sayılır. Ona görə də bu televiziyalar haqqında Milli Məclisdə tənzimləyici bir qanun qəbul edilməsinə çox ciddi ehtiyac var.

***

Millət vəkili Əli Məsimli qaz limitinin ləğvi üçün Milli Məclisdə məsələ qaldırıb.

P.S. Doğrudan da qaz istehsal edib Avropaya satan bir ölkənin öz vətəndaşlarına qazı limitlə satması nəinki biabırçılıqdır, hətta qəşş edincə gülməli bir lətifəidir.

***

elza-ilham

Üçü birində - bəstəkar, müğənni, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahan ARB TV-də yayımlanan “Bir gün” verilişində vaxtilə estradamızın “vor zakon”u olmuş, indi isə o dünyada “Qır qazan” MMC-nin sahibi İlhamə Quliyevanın məzarını ziyarət etməsindən danışaraq belə deyib: “İlhamə Quliyeva üçün ağlamağa dəyməz. Sağlığında keflər görüb, yeyib-içib, hər şey görüb həyatda. İlhamə xanım görən günləri kim görüb? Kef görüb həyatda”.

P.S. Görəsən, ağlında problemi olan Elza Seyidcahan, başqa bir ağlında problem olmuş İlhamə Quliyevanın qəbri üstünə niyə gedib? İlhamənin qəbri üstə mahnı oxumaq isə bir daha göstərir ki, Elza xanımın “toçnı” psixi problemi var və o, mütləq müalicə olunmalıdır. Ola da bilər sağlığında aralarında qalmaqal olduğu üçün Elza xanımı İlhamənin ruhu “razborka” üçün çağırıb ayağına... Bəlkə də, dilim-ağzım qurusun, İlhamə Quliyeva Elza xanımı hoppalara aparmaq istəyir. Sonra bu xalqı susdurmaq olar? Hamı deyəcək ki, sən öləsən İlhamə Quliyevanın ruhu Elzanın ağzını tikib apardı. Həyatdır dayna, hər şey ola bilər. Bu, nədir ə? Ağlıma nə yaman qara-qura fikirlər gəlir e, mən ölüm. Allah şeytana lənət eləsin.

***

elgiz-roya

Müğənni Röya Ayxan aparıcı Elgiz Əkbərlə olan verilişindən kadrları şəxsi “İnstaqram” hesabında paylaşaraq, belə sözlər də yazıb: “Sən mənim enerji mənbəyimsən. Ölürəm... Bu, nə baxışlardır?”

P.S. Bu “ölürəm” sözü “Qayınana” filmində rəhmətlik Nəsibə Zeynalovanın qardaşı oğlu Əliyə dediyi sözləri yada salır: “Rədd ol, avaranın biri avara. Sən kimin dərdindən ölməmisən?” İndi görəsən Röya dərdindən öldüklərinin sayını yadında saxlayıbmı? Bu, bir. İkincisi, rəhmətliyin qızı, Elgizdə enerji nə gəzir? Bu adamda, ümumiyyətlə, enerji olmayıb. Efirlərdə əzilib-büzülməkdən Elgizdə enerji qalar? “Vot tebe na”.

***

turkan

Efirlərin birində gedən verilişdən məlum oldu ki, müğənni Türkan Vəlizadəyə 39 yaşlı bir bank filialının direktoru elçi düşüb. Elə efirdəcə Türkanın “hə”sini almaq istəyib ki, anasını elçi göndərsin.

P.S. Heyranına şükür ya Rəbbim! Bank direktoru işləməklə, pullu olmaqla deyil e. Adamda puldan başqa bir-iki qram da ağıl lazımdır. Rəhmətliyin oğlu, ağlı başında olan adam da efirdən evlilik təklif edər? Türkanı istəyirsən, ananı göndər evinə dəə... Daha bunu efirdə niyə car çəkirsən? Elə ona görə də efir vasitəsilə qurulan ailələr beş-üç günlük olur dayna. Bir tərəfdən də Türkan əcəb edib belə bank direktoruna “bu haqda danışmaq istəmirəm” deməklə konkret “yox” cavabını verib. Deyirəm, bu ağılla belə adam necə gəlib bank direktoru olub e? Belə ağıldan kəm bank direktorunu mən çay aşağı axıdım, çay yuxarı axtarım, mən ölüm.

***

razi-x-nicat

Bir saytdan məlum olur ki, model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən hamilə ola-ola boşanmaq qərarına gəlib. Bu barədə həmin sayta Nicat bəy yana-yana danışaraq belə deyib: “Anlaya bilmədim, hamiləliyin beşinci həftəsində insan da ərindən qaçar?  Deyir ki, həyatdır, boşanmaq adi haldır. Biz ailə quranda şərt qoymuşdu ki, təzə salon istəyir. Bunu da aldım. Təmir 3-4 ay çəkdi. Ayın 4-də səhər saat 5-də təmir bitdi, saat 10:00-da isə məhkəməyə getdi”.

P.S. Hımm... Nicat bəy, sənin işin çox qəlizdir. Amma özü yıxılan ağlamaz. Əvvəla, ailə quranda bilməliydin ki, şou əhlindən sənə ömür-gün yoldaşı olmaz. Bu, bir. İkincisi isə, o model Razi xanım evlənməzdən əvvəl təzə salon istəməklə bağlı şərt qoyanda ayılmalıydın ki, bu xanımı ailə uşaq yox, pul, karyera, salon maraqlandırır. Bu yerdə ustad şairimiz Musa Yaqubdan cəmi bir bənd olan şeir yada düşür:

“Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə.

Heçimi, köçümü indi bilmişəm,

İndi bilməyim də gec imiş demə”.

Nicat bəy, sənin də heçini, köçünü indi bilib ayılmağın da gec imiş demə. 

ELÇİN

elcin-mmmdli

 

           

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN