İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) bağlı görüşləri İnsanın Mütləq imkanlarına inamından yaranır.

 Atanın Əsərlərində Doğanın mahiyyəti açılır, İnsan-Doğa ilişgiləri İnsanlığın ölçüsündə  təhlil olunur, Doğanın yaşaması, əbədiliyi üçün İnsanın Mütləqə İnam Dünyabaxışı əsasında var olmasının, Doğayla doğmalaşmasının qaçılmazlığı, gərəkliyi (zəruriliyi) əsaslandırılır.  Oxuculara təqdim olunan  Ata  fikirləri 40 il öncə yazılıb (1984), “Mütləqləşmək – Var olmaq” Bitiqindəndir.

İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) bağlı fikirləri birbaşa İnsanla bağlıdır. Mahiyyətcə Atanın Doğadan yazması elə İnsandan yazması deməkdir. İndiyə kimi əslində İnsandan və Doğadan ayrı-ayrılıqda danışıblar. Atada isə bunların mahiyyət doğmalığı Türk Ruhunun – İnsançılığının, Bəşəriliyin işığında axtarılır:

“İnsaniləşən dünya – təzələşən dünya olur. Burada maddiyyat ruhaniləşir.

Təbiət yenidən qiymətləndirilir.

İnsan təbiətdə maddiyyatdan artıq, böyük, yüksək olanı görür.

Təbiət Mütləq Mənanın ifadəsinə çevrilir; gözəllik, ülvilik, müqəddəslik keyfiyyətləri yaranır”.

İnsanlaşan – özündəki balacalıqlardan əl çəkən, yadlıqlardan qurtulan, nöqsanlarından arınandır. İnsan özünü tanıdıqca Doğanı (Təbiəti) tanıyır. İnsanla Doğa arasında qırılmaz bağ var.

Türk Ruhunda Doğada Doğadan artıq olanı görmək ənənəsi var.

Ata İnsanı ruhsal varlıq sayır, onu imkan (potensiya) baxımından  gerçəklikdən üstün sayır.

Ruhsal varlıq olan İnsanın İnsani  qanunlar əsasında yaşamasını qaçılmaz sayan Ata onun maddi ehtiyaclarını da nəzərə alır, ancaq bütün hallarda maddiyyatçılıqdan ötəliyini vurğulayır...

“Yalnız ruhani mövcudluq – insani mövcudluqdur”.

İnsani mövcudluq İnsanın gerçəklikdə varoluşunun əsasıdır; yalnız özü (İnsan) kimi var olan Doğanı anlayır, sevir, onu dəyərləndirir...

Cismani ehtiyacları əsas gətirərək Doğanı ardıcıl istismar etmək  - əslində İnsanı istismar etmək deməkdir.

İnsan Doğadan ardıcıl bəhrələnməyə məcburdur, ancaq bu, üzvi, doğal biçimdə - Doğayaradıcı  ruhda olduqda bəraətlənə bilər.

Ruhsallıq (İnsançılıq) yönü İnsan-Doğa ilişgilərinin balansını (uyğunluğunu) yaradır, nizamlayır, ömürləşdirir.

“Dünyanın insaniləşməsi – dünyanın ruhaniləşməsidir”.

Yəni dünyanın İnsanlaşması – Doğanın da İnsanlaşmasıdır. Bu, Doğaya ruhsal İnsanın gözüylə baxmaqdır, onu İnsan olaraq görməkdir.

“Sivilizasiyalı”, “inkişaf etmiş”  dünyada  Doğaya insani, yaradıcı, ədalətli baxış əslində belə olsun gərək.

Bu baxış  Doğanı qurtara, ömrünü  artıra bilər.

Yoxsa ki, bu gedişlə qarşıda Doğanı daha çətin, daha təhlükəli, ölümcül aqibət gözləyir.

Doğanı qurtaracaq yalnız bir qüvvə var – İnsanlaşmağa, İnsanlaşdırmağa əsaslanacaq İnsan.

“Öz Mahiyyətinə görə İnsan dünyanı Mütləq mənada insaniləşdirməliydi, ancaq gerçəklikdə o, dünyanı həm də mənimsəyir”.

Atanın Dünyabaxışında İnsan Doğaya İnsanlıq ölçüsüylə yanaşır, bu  səbəbdən də özüylə onun arasındakı yadlıq aradan qalxır.

Ata bu gedişdə “Dünyanı Özümləşdirmək” ideyasını irəli sürür.

Bu, İnsan kimi var olmağın əsasıdır.

İnsan Dünyanı, Həyatı, Doğanı anlayan yeganə ruhsal varlıqdır.

Bu yerdə Ata öncə İnsanın Özümləşməsinin qaçılmazlığını əsaslandırır: “... insan onu maddiləşdirən, əşyalaşdıran, vəhşiləşdirən nə varsa, hamısından azad olmalıdır”.

Deməli, özüylədöyüş əməli gərəkdir, İnsanın özüylə üz-üzə qalması gərəkdir.

Var olmağın yolu – özümlük imkanını aşkarlamaqdan – yəni içindəki Şərdən – hər cür yırtıcılıq çeşidlərindən qurtulmaqdır.

Atanın Dünyabaxışında bunun yolu aydın göstərilir:

“Özümləşmə balaca «Mən»in ölümü və böyük «Mən»in doğulmasıdır”.

Özümləşən İnsan – Təbiəti də özümləşdirir.

Özümləşdirmə - Doğanı “özününkü” sayıb onu istismar etmək yox, Doğa ilə ruhən doğmalaşmaqdır, onda İnsan, İnsanda Doğa görməkdir.

Beləliklə, Özümləşən İnsan Doğaya yanaşmada ağalığından əl çəkir, onunla doğmalaşır.

Dağda, Meşədə, Səmada (Göydə), Dənizdə, Çiçəkdə, Torpaqda, Suda, Günəşdə, Səhərdə, Gecədə, Yazda, Yayda, Payızda, Qışda... İnsan görmək – Doğanı yaşatmaqdır.

İnsan yaşatdığı, var etdiyi Doğayla birlikdə var olacaq, Həyatı (Yaşamı) mənalı olacaq...

 İŞIQLI ATALI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN