Bu gün vətənində vətənsiz olan, dərd heykəlinə dönən, yurdun dörd yanına səpələnmiş kəlbəcərlilərin uşaqdan-böyüyə hansından “Ən böyük arzun nədir?” deyə soruşsalar, “Ən böyük arzum tezliklə Kəlbəcərə dönməkdi” cavabını verəcək.

1978-ci il yanvarın 26-da Kəlbəcərin Milli kəndində doğulan Cəsarət Ələddin oğlu Camalov da bu həsrətlə yaşayanlardan biridir. 15 yaşında doğulduğu cənnətimiz Millini tərk edən Cəsarət ailələri ilə birlikdə əvvəlcə Bərdə rayonu Kələntərli kəndində sığınacaq tapmış, bir il sonra Oğuz rayonunun Mollalı kəndinə köçərək orada orta məktəbi bitirmişdir.

Camalovlar ailəsi ilə yaxın qohumluq əlaqəmiz olduğundan bu ailənin keçirdiyi sarsıntıları, əzabları, faciələri yaxşı bilirəm. Cəsarətin nənəsi Badam mənim ana nənəmlə dost-doğma bacı idi. Kəlbəcəri tərk edərkən qeyrət, namus təcəssümü bildiyim Badam nənə düşmən əhatəsində özünü uca qayadan ataraq həlak oldu. Bundan əlavə, Cəsarətin əmisi Gəncəlinin həyat yoldaşı, yaxın qohumumuz Zərnişan kimi özünü qayadan atan Badam nənənin bu addımı nağılların, əfsanələrin gerçək olduğunu bir daha təsdiqləmiş oldu. Azərbaycan qadınlığının qeyrət simvoluna dönmüş belə insanları unutmaqmı olar?

Cəsarətin atası Ələddin Əli oğlu rayonun hörmətli ziyalılarından biri, ədəbiyyat müəllimi idi. Neçə-neçə vətən övladını Azərbaycan sevgisi ruhunda tərbiyə etmişdi. Ələddin müəllim Kəlbəcərdə qalıb qəhrəmancasına həlak olmuş anasını bir an olsun unuda bilmirdi. Elə Badam nənənin ağrısını, göynərtisini içində çəkə-çəkə dünyadan köçdü Ələddin müəllim (Cəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. “Azərnəşr”, 2014, 624 s.).

Cəsarət, elimizin qeyrət qalası sayılan bu ailənin övladı olduğunu dərk etdiyindən həmişə səylə, böyük məsuliyyət hissi ilə dərslərinə hazırlaşırdı.

1995-ci ildə orta məktəbi Oğuz rayonunda əla qiymətlərlə bitirən gənc elə həmin il də imtahanları uğurla verib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya texnologiyası və biotexnologiya fakültəsinin inşaat yapışdırıcıları və keramikanın kimyəvi texnologiyası ixtisasına qəbul olundu. 1999-cu ildə təhsilini başa vuran Cəsarət həmin fakültənin çətin əriyən qeyri-metal və silikat materiallarının texnologiyası ixtisası üzrə magistratura pilləsinə qəbul olundu və 2001-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib magistr elmi dərəcəsinə layiq görüldü. 2001-ci ildə inşaat materialları və məmulatları ixtisası üzrə aspiran¬tu¬raya daxil olan gənc mütəxəssis 2005-ci ildə dissertasiya işini uğurla müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru oldu.

2009-cu ildən İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun İnşaat konstruksiyaları laboratoriyasında doktoranturaya daxil olan istedadlı alim 2018-ci ildə “İstehsalat bina və qurğularının karkas elementlərinin etibarlılığının və uzun-ömürlülüyünün artırılması yollarının tədqiqi” mövzusunda doktorluq işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə elmləri doktoru oldu.

Dosent Cəsarət Camalovun alim kimi istedadı xarici ölkələrdə keçirilən bir çox simpozium, seminar və konfranslarda bütün parlaqlığı ilə üzə çıxdı. Onun bir sıra maraqlı çıxışları mütəxəssislərin diqqətini cəlb etdi.

58 elmi əsərin, o cümlədən 55 elmi məqalənin, 2 maraqlı ixtiranın və 1 kitabın (monoqrafiya) müəllifi olan Cəsarət 2019-cu ildən Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışır. Cəsarət müəllim işlədiyi dövrdə müxtəlif dərəcəli hədiyyələrlə və medalla təltif olunur. Dövlət qulluqçusunun müşaviri ixtisas dərəcəsi daşıyan Cəsarət müəllimi vətənini böyük məhəbbətlə sevən ziyalılıq nümunəsi də adlandırmaq olar. “Ölkəmizin sakinlərinin vətəninə, xalqına ləyaqətlə, sevgiylə xidmət etməsi bizi hər gün həsrətlə gözlədiyimiz anlara yaxınlaşdırır” deyən Cəsarət müəllimin sözlərində böyük həqiqət var.

Tanrı bizi tezliklə Qarabağ, Kəlbəcər, böyük Azərbaycan həsrətinə qovuşdursun, Cəsarət müəllim! O günü necə intizarla gözlədiyimizi yaxşı bilirik.

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),

araşdırmaçı-jurnalist, prezident təqaüdçüsü, f.ü.f.d.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN