Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, professor Qubad İbadoğlu müəllimlərin sertifikasiya məsələsi ilə bağlı irad və təklifini bildirib.
Professor eyni tələbin bütün yaş qruplarına şamil edilməsinin ədalətli olmadığını bildirib:
”Verilən məlumata görə, tezliklə yaşından asılı olmayaraq bütün müəllimlər sertifikasiyadan keçiriləcək. Eyni tələbin bütün yaş qruplarına şamil edilməsini düzgün və ədalətli hesab etmirəm. Belə ki, elmi tədqiqatlar göstərir ki, 39 yaşdan sonra insanların uzunmüddətli yaddaşı sürətlə zəifləyir. Tibbi araşdırmalara əsasən qadınlarda orta hesabla 52, kişilərdə isə 57 yaşdan sonra nəinki uzunmüddətli yaddaş işləyir, hətta yaddaşda silinmə müşahidə olunur”- deyib.
Professorun sözlərinə görə, bu yaş qrupundan yuxarı olanlar yeni oxuduqlarının və gördüklərinin ən yaxşı halda 3-5 faizini yaddaşda saxlaya bilirlər.
“Belə olan halda hələ pensiya yaşına çatmayan, amma məktəbdə tədris və tərbiyə ilə məşğul olan biçarə müəllimlərdən imtahanda kurikulum 50 faizdən çox mənimsəməsini gözləmək böyük ədalətsizliyə yol açacaq. Belə ki, işini itirənlərin böyük əksəriyyəti nə maaş, nə də pensiya ala bilməyəcək”, - deyə bildirib.
Partiya sədri təhsil nazirliyinə məsələni yenidən nəzərdən keçirməyə səsləyib, hətta təklif də verib:
“Təhsil işçilərində yaranmış ədalətsizliyi aradan qaldırmaq üçün ADR Partiyası Təhsil Nazirliyini bu məsələni bir daha dəyərləndirib, yenidən qərar verməyə çağırır, ya da müəllimlər üçün pensiya yaşının aşağı salınmasını təklif edirəm”.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ