Sən demə, Azərbaycanda hər 100 nəfərdən 95-i arzuladığı ixtisas üzrə təhsil almırmış…
Təhsil eksperti Elşən Qafarov yerli KIV-ə açıqlamasında bu rəqəmi söyləyib.
O, qeyd edib ki, arzuladığı ixtisas üzrə təhsil almayanlar dövlətə də lazımi qədər faydalı ola bilmir.
Ekspertin fikrincə, Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən suallar şagirdlərin ümumi bilik, bacarıqlarına uyğun hesablanmır.
Elşən Qafarov diqqətə çatdırıb ki, DİM hazırlayan yox, imtahan keçirən texniki qrum olmalıdır və onun həmin səlahiyyətləri əlindən alınmalıdır.
“Qanunvericilikdə göstərilir ki, dövlət standartları şagirdlərin yekun atestasiyasında əsas şərtdir.
Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar hazırda bu qaydanı əks etdirmir. Hazırkı suallar şagirdlərin bilik və bacarıqlarının səviyəsinə uyğun deyil, daha çətindir. Bizim məqsədimiz də hazırda şagirdlərin real bilik və bacarıqlarını ölçməkdir", -deyə bildirib.
Qeyd edək ki, son vaxtlar DİM-in test sualları hazırlamasının əleyhinə olanların sayı artıb. Bir çox mütəxəssislər, müəllimlər sualların orta məktəb dərslikləri əsasında tərtib edilmədiyini, çox çətin olduğunu iddia edirlər. Hətta bir çoxları ali məktəblərə qəbulla bağlı test üsulunun təkmilləşdirilməsini, bəziləri isə ümumiyyətlə ləğv olunmasını istəyir.
Onların sırasında deputatlar, sabiq təhsil işçiləri (yüksək vəzifə tutmuş), təhsil ekspertləri də var.
Bir müddət əvvəl Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə etirazlarla bağlı açıqlama da verib:
“Biz mərkəzləşdirilmiş kütləvi imtahanlar keçiririk. İmtahan tapşırıqları arasında yazı işləri, esse yazmaq, danışıq və s. var. Bu təkcə test deyil. Məsələn, xarici dil imtahanının dörd kompanenti var. Biliyin qiymtləndirilməsini müxtəlif üsullarla yoxlayırıq. Test üsulu deyənlər bilmirəm nəyi nəzərdə tuturlar. İdarənimi ləğv etmək, kimisə öldürmək…”.
Daha sonra isə Məleykə Abbaszadə ona “qibtə edənlərə” mesaj göndərib:
“Mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına... Mənim kiminləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər. Ancaq mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına....”
Y.MƏMMƏDLİ