STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində qalib gəlmiş qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə görüş keçirilib.
TEZADLAR.AZ Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihələrdə şəffaflıq, hesabatlılıq və davamlılıq məsələlərinə toxunulub, qeyri-hökumət təşkilatları ilə qrant layihələri çərçivəsində əməkdaşlıq, onların təhsil islahatlarının həyata keçirilməsinə daha yaxından cəlb olunmasının ictimai iştirakçılıq baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə, eyni zamanda, müsabiqənin nəticələri ilə bağlı təqdimat nümayiş olunub, layihələrin icrası, effektiv kommunikasiyası, inkişaf perspektivləri və əməkdaşlıq barədə müzakirələr aparılıb. Qeyd olunub ki, qrant qazanmış layihələr müxtəlif təhsil pillələri üzrə Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərinə xidmət edir.
Sonra görüş iştirakçıları STEAM İnnovasiya Mərkəzində yaradılan şəraitlə tanış olublar. Qonaqlar mərkəzdə astrofizika və robotların hazırlanması laboratoriyaları, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, “3D hologram”, VR zonalarını ziyarət ediblər.
Qeyd edək ki, “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə ümumilikdə 112 layihə təqdim olunub. Texniki ekspertizadan keçirilən layihələrdən 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant əldə edib.
Qalib gəlmiş QHT-lərin 12-si (70 faiz) ilk dəfədir ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi qrant müsabiqələrində uğur qazanıb.