"Bu gün valideyinlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onların hansı platformalardan necə istifadə etməsindən xəbərsizdirlər."
***
Ümumi təhsil müəssisələrində baş verənlərin həlli istiqamətində çalışmaq nə qədər vacibdirsə, onun təqdim edilmə forması da o qədər vacibdir.
Bu gün ölkədə təhsilin əlçatanlılığının 100 faiz olması hər kəsin təhsil ilə əhatə olunmasına səbəb olub. Hazırda ailəsində və yaxın qohumlarında təhsil prosesinin iştirakçısı olmayan insan demək olar ki, yoxdur. Kiminsə yaxını mütləq şəkildə ya baxçada təlim-tərbiyəyə, ya orta məktəbdə şagird formatında bilik və bacarıqların əldə edilməsinə, peşə təhsili və ya orta ixtisas təhsili müəssisələrində, ya universitetdə bakalavr, magistr, doktorant qismində proseslərə cəlb olunub. Və ya müəllim qismində birbaşa təhsil prosesində iştirak edir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.
O, vurğulayıb ki, uşaqlar vaxtlarının daha çox hissəsini evdə valideynləri ilə keçirirlər, onlardan öyüd-nəsihət alırlar və bu mənada, şagirdlərin pis davranışları, hərəkətləri və s. ilə bağlı məktəbi günahlandırmaq olmaz.
Təhsil eksperti bir çox valideynin məktəbli övladının telefonundan- hansı sosial şəbəkədə olmasından, telefondan hansı məqsədlər üçün istifadə etməsindən xəbərsiz olduğunu da nəzərə çatdırıb.
"Rəqəmlərə baxanda ölkədə öz ərtafında bu qədər insanı birləşdirən ikinci bir sahəni görə bilmərik. Belə ki, hər gün 2 milyondan çox insan təhsil müəssisələrinə daxil olur və azı 5 saat burada qalır. Amma günün geridə qalan 19 saatını təhsil müəssisələrindən kənarda qalır. Və ya il ərzində 52 həftənin 34 həftəsini uşaqlar məktəbdə dərsdə olurlar.
Son günlər, məktəb şagirdlərinin iştirakı ilə baş verən hadisələrdə cəmiyyət olaraq günahkarı məktəbdə axtarırıq. Unutmayaq ki, şagirdlərin hərəkətlərinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və s. komponentlərin məsuliyyəti böyükdür.
Amma biz günahı və günahkarı məktəbdə, müəllimdə axtarırıq. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Lakin görürük ki, hər kəs məktəbi, müəllimi günahkar çıxarmaq rolundadır.
Bu gün valideyinlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onların hansı platformalardan necə istifadə etməsindən xəbərsizdirlər.
Apardığımız araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin son günlər tik-tok və instagram sosial şəbəkəsindəki fəaliyyətləri onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Şagirdlərin dərsdən sonra, xüsusi ilə axşam saatlarında tik-tok və instagram platformalarında canlı yayımlar açaraq nalayiq ifadələr işlətməsi, kriminal aləmə aid olan musiqilər səsləndirməsi və bu aləmə aid jarqon ifadələrdən istifadə etməsi onlara valideyin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması ilə bağlıdır.
Artıq uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər.
Unutmayaq ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır.
Məktəbdə dərsi pozan, küçədə nalayiq hərəkətlər edib videoya çəkən uşaqlar məktəbə əvvəl evdən gəlirlər. O evlərdə onlara nə verilir, nə verilmir...", - deyə Kamran Əsədov valideynlərə iradını bildirib.

Xatırladaq ki, son günlərin səsküylü müzakirələrindən bir 9-cu sinif şagirdi olan Əli-Afiyəddin adlı yeniyetmənin küçədə insanlara qarşı qeyri-adekvat, qeyri-etik hərəkətlər etməsi olub.

Belə ki, onun çəkdiyi və sosial şəbəkə hesabında paylaşdığı videolar ictimaiyyəti qıcıqlandırıb və nəhayət, barəsində ölçü götürülüb. Belə ki, DİN açıqlama yayaraq bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Daha sonra məlum olub ki, həmin yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

Babasının adını daşıyan məktəblinin atası Nihad Cəlilov isə Bakıda tanınmış iş adamlarından sayılır. 

Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN