Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb inşa edəcək.

Xarici İşlər Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, bu barədə nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Nazir Ceenbek Kulubayev Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin deputatı Musa Qasımlı KİV-ə verdiyi müsahibələrindən birində türk dövlətlərinə səslənmişdi: “Azad olunmuş ərazilərdə Özbəkistan məktəb tikdi, Qazaxıstan isə uşaq yaradıcılıq məktəbi inşa etdi. Bu addımlar digər qardaş türk dövlətinə nümunə ola bilər. Hesab edirəm ki, işğaldan azad edilmiş hər bir rayonda 2-3 məktəbin tikintisi qardaş türk dövlətləri üçün çətin olmaz. Belə bir addımın atılması gələcək nəsillər üçün örnək olar, çünki övladlarımız həmin məktəblərdə təhsil alacaqlar və məktəbin hansı ölkə, hansı qardaş xalq tərəfindən tikildiyini biləcəklər. Bu bizim münasibətlərimizi möhkəmləndirəcək”, - deyə vurğulamışdı.

Musa Qasımlı, həmçinin xatırlatmışdı ki, bütün dünyada “Qardaşlaşmış məktəblər” var və məktəblərin qardaşlaşması münasibətlərimizi daha da yaxşılaşdıracaq.

Görünən odur ki, deputatın arzuları gerçəkləşməkdədir və yəqin ki, bu xeyirxah əməli davam etdirəcək qardaş dövlətlərin sayı da artacaq...

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN