Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 12-13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, apellyasiya aprelin 25-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) keçiriləcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 18-i saat 10:00-dan aprelin 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
TEZADLAR.AZ