Azərbaycanın orta məktəblərində şagirdlərin ev tapşırığı ilə həddindən artıq yüklənməsi zaman-zaman müzakirə mövzusu olub. Bu məsələ şagirdləri və valideynləri narahat etdiyi qədər ölkədə təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyini də narahat edir.

Belə ki, nazirliyin "Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi"nin müdiri Vəfa Yaqublu mətbuata açıqlamasında bildirib ki, uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir. Şöbə müdiri bunun səbəbini belə izah edib: "Məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə, bir qrup müəllim var ki, onlar uşaqların akademik yüklənməsini (onların - red.) daha yaxşı öyrənməsi üçün edirlər. Ona görə də uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir".

Şöbə müdirinin fikrincə, həmin müəllimlərlə iş aparılmalıdır.

V.Yaqublu onu da qeyd edib ki, 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Onun sözlərinə görə, şagird, hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər: "Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik".

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov isə açıqlamasında bildirib ki, dərs yükünün ağır olması valideynləri də ciddi narahat edir. Ekspert deyir ki, beyni informasiya ilə yükləmək savadlanmaq demək deyil. Onun sözlərinə görə, materialın çoxluğu təhsilin keyfiyyətinə təsir etmir. Ekspert hesab edir ki, həmçinin, təhsil verərkən cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsini unutmaq olmaz: "Keyfiyyətli təhsil adı ilə şagirdləri ifrat dərəcədə yükləməklə təhsilin keyfiyyətini artırmaq olmaz. Təhsilin keyfiyyəti çox təəssüf ki, çox yüksək bal toplamaqla ölçülür. Amma heç bir hüquqi-normativ aktda məktəbin vəzifəsinin ali məktəbə abituriyent hazırlamaq olduğu öz əksini tapmayıb. Unutmaq olmaz ki, kurikulumlar səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Amma biz yenə təhsilə, məktəbə həmin məktəbin məzunlarının ali məktəbə qəbul göstəricisinə əsasən qiymət veririk".

N.İsrafilov bildirir ki, kurikulum təhsilə yeni gəldikdə dərsliklər bu proqrama uyğun hazırlanmadığından, əlavə vəsaitlərdən, iş dəftərlərindən istifadə edilirdi. Amma dərsliklər artıq kurikuluma uyğun hazırlandığından, əlavə vəsaitlərə, iş dəftərlərinə ehtiyac yoxdur.

Təhsil üzrə ekspert təəssüf edir ki, yenə ayrı-ayrı məktəblərdə iş dəftərləri tələb edirlər: "Nazirliyin şöbə müdiri düzgün vurğulayıb ki, həmin müəllimlərlə iş aparmaq lazımdır. On ildən artıqdır ki, Təhsil Nazirliyi iş dəftərləri komplektdən çıxardılıb. Amma bəzi müəllimlər şagirdlərə iş dəftərləri aldıraraq onları artıq yükləyir, evə həmin əlavə vəsaitlərdən tapşırıqlar verirlər".

Ekspert onu da bildirib ki, bəzi müəllimlərin iş dəftərlərini işləməyən şagirdin summativlərdə çətinlik çəkəcəyi barədə fikri əsassızdır: "Sovet dövründə iki qəpiklik dəftərlə akademiya oxuyurdular. Çünki həmin dəftərlərin arxasında şəkillər yox, vurma cədvəli vardı. İndi yenidən ayrı-ayrı məktəblərdə iş dəftərlərinin tətbiqi yolverilməzdir".

Təhsil ekspertinin sözlərinə görə, dərsliklər də optimallaşdırılmalıdır. Çünki dərsliklər həddindən artıq yüklənib: "Mütləq şəkildə dərsliklər də optimallaşdırılmalıdır. Dərsliklərdə uşaqlara gələcək həyatlarında lazım olmayan ikinci və üçüncü dərəcəli materiallar çıxarılmalıdır".

Qeyd edək ki, şagirdlərin ev tapşırıqları ilə yüklənməsi onların asudə vaxtının düzgün təşkilinə də mane olur. Bundan əlavə, hazırda məktəblilərin çox hissəsinin dərsdən sonra həm də repetitora müraciət etməsi onların dərs yükünü daha da artırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN