GÖYÇAYDA ƏHALİNİN SAĞLAMLIĞI ÜÇÜN CİDDİ TƏHLÜKƏ MƏNBƏYİ - ŞİKAYƏT
"Qarabaqqal kəndinin hektarlarla torpaq sahəsi "zibil poliqonu"na çevrilib"
Tezadlar.az-a Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil Məhəmmədəli Azər oğlu Səmədovun ölkə başçısına və digər aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciəti daxil olub.
Müraciətdə bildirilir ki, Göyçay rayonunun Qarabaqqal kəndinin hektarlarla torpaq sahəsi "zibil poliqonu"na çevrilib. Həmin ərazidə istehsalat və məişət tullantıları qalaq-qalaq yığılıb: "Hətta ölmüş heyvan leşlərini belə bura atırlar. Hansı ki, yaxınlıqda yaşayış evləri, fermalar var. Camaatın mal-qarası zibillikdə eşələnir. Elə ona görə də kənddə xeyli sayda onkoloji və digər xəstəliklərə yoluxmuş insanlar əziyyət çəkir.
Göyçay Rayon İcra Hakimiyyətinin tabeliyində olan "Şəhər Təsərrüfatı Birliyi" rayonun bütün zibilini bura daşıyır. Əslində isə tullantılar məhv edilməli və ya basdırılaraq üzəri dezinfeksiya olunmalıdır. İllərdir ki, bu zibilliyin yığışdırılması, yaxud zərərsizləşdirilməsi üçün kənd sakinləri fərdi və kollektiv şəkildə şikayətlər ediblər. Lakin aidiyyəti qurumlar heç bir tədbir görmür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 248-ci maddəsinə (Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma) əsasən, təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda, həmin şəxs(lər) cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin III bəndində də (İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.) öz təsdiqini tapmışdır.
Mən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində və digər aidiyyəti qurumlardan çox xahiş edirəm ki, sözügedən "zibil poliqonu"nun zərərsizləşdirilməsi və bu əməli törədənlərin məsuliyyətə cəlb olunması təmin edilsin".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV