Yay aylarında qurd xəstəlikləri geniş yayılır. Qeyd edək ki, bu xəstəliklərə daha çox azyaşlılarda rast gəlinir.
Tibbi saytlara istinadla bildiririk ki, qurd xəstəlikləri dırnaqyemə, çirkli əllər, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.
Enterobioz yəni tükşəkilli qurd insana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir. İnsandan insana yoluxur. Parazitin orqanizmə daxil olması ağız yolu ilə baş verir. Enterobioza yoluxmuş şəxs xəstəliyi bəzən simptomsuz keçirdir. Bu da orqanizmdəki parazit sayından və orqanizmin immun sisteminin vəziyyətindən asılıdır. Əksər hallarda, qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir. Lakin bu əlamətlərin olması heç də qurdun olmasına mütləq əsas vermir. Çünki bu simptomlar başqa xəstəliyin əlamətləri kimi də özünü göstərir. Diaqnozun dəqiq qoyulması üçün testlər bir neçə dəfə təkrarlanır və müalicəyə bundan sonra başlanılır.
Qan analizinin qurd xəstəliklərinin diaqnozunun qoyulmasında heç bir rolu yoxdur. Qurdun müalicəsi isə olduqca asandır. Bunun üçün xəstələrə üzün müddətli müalicə üçün qurd dərmanı verilməsi əsassızdır. Müalicədə tək dozada qurd əleyhinə preparat verilir və 14 gündən sonra doza təkrarlanır. Lakin təkrar yoluxma hallarına qarşı müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyə olunur.
E.ŞİRİNOV