"Əgər bir ilin içərisində üç dəfədən artıq antibiotikdən istifadə edilirsə, bu, immun sisteminin zəifləməsindən xəbər verir."
***
“Məktəb dövründə uşaqlar düzgün qidalanmalıdırlar və onların yuxu rejiminə diqqət edilməlidir. Çünki hər iki amil onların gələcəkdə hansı xəstəliklərlə üzləşməsində aparıcı rol oynayacaq. Mütləq şəkildə uşaqların çantalarına meyvə-tərəvəz və isti yemək qoyulmalıdır”.
TEZADLAR.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. Mütəxəssis bildirib ki, altıncı sinfə qədər onlar çantalarına yemək qoymağa imkan verirlər, amma yeniyetməlik dövründə çox zaman bununla razılaşmırlar:
Uşaqlara müayinə etmədən vitamin də vermək olmaz. Çünki həmin vitaminlər inkişafda olan orqanizmə ciddi ziyan vura bilər. Onlar kimyəvi dərman preparatlarıdır. Vitamin B, Vitamin C və ya Vitamin D həkim məsləhəti olmadan uşaqlara verilməsin. Onun yerinə meyvə-tərəvəz kimi təbii vitaminlər qəbul etmələrinə diqqət göstərsinlər”.
Həkim immunitetin güclü olması üçün uşaqlara iki yaşadək ana südü verilməli olduğunu qeyd edib:
“Orqanizmin infeksiyalara qarşı mübarizə aparan müdafiə sistemi immunitetdir. İmmunitetin güclü olması üçün uşaq doğulduqdan sonra mütləq ana südü ilə qidalanmalıdır. Yaxşı olar ki, iki yaşlarına qədər onlara ana südü verilsin. İmmun sistemini zəiflədən faktorlar isə yetəri qədər var. Məsələn, əgər bir ilin içərisində üç dəfədən artıq antibiotikdən istifadə edilirsə, bu, immun sisteminin zəifləməsindən xəbər verir. Psixoloji faktorlar da immun sisteminin zəifləməsinə yol açır”.
Aynurə Zeynalova valideynlərə uşaqları xəstə olarkən məktəbə göndərməməyi tövsiyə edib:
“Uşağı xəstə-xəstə məktəbə göndərməsinlər. Hətta imkan daxilində uşaqlarda halsızlıq olduqda belə, onları bir-iki gün evdə saxlasınlar. Bu, həm onların sağlamlığı, həm də sinifdəki digər uşaqların səhhəti baxımından önəmlidir”.
oxu.az