Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, yanvarın 8-dən 19-dək keçirilmiş monitorinqlər zamanı epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrində və dənizsahili zonalarında, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Ağdərə və Ağdam rayonları ərazilərindəki su hövzələrinin ətrafında müvafiq müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 58 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinqlər çərçivəsində Bakı şəhəri, həmçinin Abşeron, Şabran, Sabirabad, Neftçala, Ucar, Xaçmaz, Cəlilabad və Xızı rayonlarındakı 11 sənaye əsaslı quşçuluq müəssisəsindən 110 baş, habelə Bakı şəhəri, Abşeron, Xızı, Şabran, Neftçala, Astara, Siyəzən, Lənkəran, Biləsuvar, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 198 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 594 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Vəhşi və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, həmin xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Monitorinqlər Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN