Hər bir istehlakçının borcudur ki, ticarət şəbəkələrindən istehlak üçün qida məhsullarını aldıqda onların yararlılıq müddətinə, etiketlənməsinə, saxlanma şəraitinə nəzarət etsin. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bilavasitə sahibkarlarla istehlakçıların arasındakı münasibətləri tənzimləyən bir orqandır. Ancaq nədənsə hər hansı bir ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsulu satılanda bəzən “Qida Təhlükəsizliyi Agentliyi hara baxır” deyə sual edirlər. Bildirmək istəyirəm ki, Azərbaycanda 50 mindən yuxarı ticarət şəbəkəsi var. Dünyada elə bir dövlət qurumu yoxdur ki, onun əməkdaşları gecə-gündüz ticarət şəbəkələrində məhsulların satılma rejiminə nəzarət etsinlər.

Bu fikirləri eksklüziv müsahibəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri qida məhsullarına nəzarət edilməsi ilə bağlı cavabdeh tərəfin sahibkar olduğunu, nəzarət mexanizminin isə istehlakçının üzərinə düşdüyünü vurğulayaraq əlavə edib: “Agentlik isə istehlakçının hüquqlarını müdafiə edib sahibkarla onun arasında tənzimləmə mexanizmini həyata keçirir. Bir faktı diqqətinizə çatdırım ki, ölkəmizə xaricdən kərə, spred və bitki yağları idxal olunur. Azərbaycanda çoxlu sayda ticarət şəbəkələri var. Təəssüf ki, bəzən ticarət şəbəkələrində spred yağlarının qutularından çıxarılaraq onları piştaxtalarda kərə yağı adı altında satılmasına rast gəlinir. Bu məsələ birbaşa olaraq istehlakçıdan ayıq-sayıqlıq tələb edir. İstehlakçılar ticarət şəbəkələrinin məsul şəxslərindən həmin yağların keyfiyyət göstəricilərini, müvafiq sənədləri tələb etməlidir. Belə vəziyyətlə qarşılaşdıqda, istehlakçılar dərhal Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək hansı şəbəkədə çox aşağı qiymətə kərə yağı adı altında hansısa məhsulun satıldığını bildirməlidir. Əslində ölkəyə idxal olunan kərə, spred və bitki yağlarının keyfiyyət və təhlükəsizlik göstəriciləri norma daxilindədir. Sadəcə kimlərsə spred yağını kərə yağı adı altında istehlakçıya satmağa cəhd edir. Bu məsələdə istehlakçı da Agentliyin yanında olmalıdır ki, birgə nəzarət tədbirləri çərçivəsində belə halların qarşısını alaq”.

Agentlik sədri həmçinin qurumun fəaliyyətə başladığı 2018-ci ildən etibarən istehlakçılar tərəfindən Agentliyin 1003 - qaynar xəttinə 207 913, 2024-cü ilin ilk üç ayında isə 15 385 zəngin daxil olduğunu qeyd edib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN