Ötən həftə qrip səbəbiylə xəstəxanaya müraciət edən tayvanlıların sayı 181 mini keçərək, 1 oktyabr 2024-cü ildən bəri üçüncü dəfə son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Taypeydə keçirilən mətbuat konfransında adanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (XNQAM) nümayəndəsi bildirib.
“Keçən həftə qripə bənzər xəstəliklər səbəbindən xəstəxanaya müraciət edənlərin sayı 181 995 olub ki, bu da son 10 ildə ən yüksək həftəlik rəqəmdir”, - “Taipei Times” qəzeti XNQAM nümayəndəsinin sözlərindən sitat gətirib. O qeyd edib ki, Tayvanda dolaşan dominant ştam donuz qripi kimi tanınan H1N1 olaraq qalır.
Yanvarın 12-dən 18-dək qripə bənzər xəstəliklərlə bağlı xəstəxanaya müraciətlərin sayı 141 777, yanvarın 5-dən 11-dək isə 139 613 olub. Hər iki dəfə 10 ilin ən yüksək göstəricisi olub.
Həkimlər 2024-cü il oktyabrın 1-də başlayan qrip mövsümünün hələ də davam etdiyi barədə xəbərdarlıq edirlər. XNQAM-ın məlumatına görə, bu müddət ərzində 795 ağır hadisə və 160 ölüm qeydə alınıb.
E.ŞİRİNOV