Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müxalifət partiyalarının nümayəndələri ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, ilk görüş “Milli Hərəkat Birliyi”, “Gürcüstan Naminə Qaxariya” partiyası, “Güclü Gürcüstan” koalisiyası və “Dəyişiklik Koalisiyası”nın nümayəndələri ilə baş tutub. “Güclü Gürcüstan” liderlərindən biri Badri Caparidzenin sözlərinə görə, görüş Salome Zurabişvilinin təşəbbüsü ilə keçirilib. O, görüşün əsas məqsədinin birgə işlərin davam etdiriləcəyi ilə bağlı olduğunu vurğulayıb. Sitat: "Ölkəmiz böhran içindədir və belə olan halda birləşmək, koordinasiya və cəmiyyətin birləşməsi çox vacibdir. Keçən həftə bizim Avropanın aparıcı ölkələrinin səfirləri ilə çox yaxşı görüşümüz oldu və düşünürəm ki, birgə işimiz davam edəcək”.
"Strategiya Ağmaşenebeli"nin lideri Giorgi Vaşadze görüşdən sonra bildirib ki, iclasda birgə razılıq əldə olunub: "Biz kriminal sistemin tapşırıqlarını icra edən şəxslərin siyahısını birgə hazırlayacağımıza dair razılığa gəldik. İstər müstəntiq, istər hakim, istər yalançı şahid, istərsə də dəlil hazırlayanlar - hamımız bu məlumatları toplayacağıq və onların sübutlarına əsaslanaraq onlara sanksiya və digər məhdudiyyətlər tətbiq etmək üçün siyahılar üzrə tərəfdaşlarımızla işləyəcəyik. Siyahıya qanunsuz tapşırıqların icrasında iştirak edən bütün şəxslər daxil ediləcək. Bundan başqa biz vahid platforma üzərində razılığa gəldik ki, burada daim vahid fəaliyyət prosesimiz olacaq".
Beləliklə, ümumi razılığın nədən ibarət olduğu, birgə "Yol xəritəsi"nin nədən ibarət olması isə hələki açıqlanmır.
Ölkədə isə siyasi gərginlik artmaqdadır...
A.Məmmədli