Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova hamilə qadınlarla bağlı bəzi suallara aydınlıq gətirib.

TEZADLAR.AZ  müsahibəni təqdim edir: 

- Şəymən xanım, hamilələr arasında daha çox təsadüf olunan xəstəliklər hansılardır?

- Statistikaya əsasən, respublikamızda trombemboliya ana ölümünün əsas səbəbi kimi göstərilir. Bir şox ekstragenital xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları, ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri), anadangəlmə və qazanılma tromboflebiyalar (qanın laxtanma faktor pozulmaları) ana ölümünün səbəbləri hesab olunur.

- Riskli hamiləlik haqqında məlumat verə bilərsiniz?

- Somatik, sağlam olmayan qadınlar hamiləlik üçün yüksək risk qrupunu təşkil edir. Yüksək risk qrupuna daxil olan qadınlar hamiləliyi axıra qədər çatdıra bilmir və hamiləliyin ana və döl üçün nəticələri qənaətbəxş olmur. Riskli hamiləlik nəinki dölün, eləcə də ananın ölümünə səbəb olur.
Hamilələr üçün yüksək risk qrupunu təşkil edən patologiyalara aşağıdakılar aiddir:
1.Hamiləlik zamanı hipertenziv vəziyyətlər və preklampsiya;
2.Ekstragenital xəstəliklər və hamiləlik;
3.Fetoplasentar çatışmazlıq.
Onu da qeyd etmək istəyirəm ki, riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur.

- Hamilə qadınlar koronavirusa qarşı vaksinasiya oluna bilərlər?

- Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər.

- Hansı xəstəliyi olan qadınlar süd verə bilməz?

- Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir.

- Ölkədə koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub?

- COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərib. Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.
COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınlar qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur.

- Ana bətnində həyata keçirilən əməliyyatlar hansılardır? Hansı hallarda fetal cərrahiyyələr aparılır?

- Son illər ölkəmizdə bətndaxili qan köçürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır. Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir.
Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir.
Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN