Məlumdur ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən pulsuz verilir. Lakin bəzən həmin dərmanlara ehtiyacı olan xəstələr onu əldə edə bilmirlər. Əldə etdiyimiz məlumata görə, həkimlər tərəfindən həmin dərmanlar çox vaxt ya tanıdıqları xəstələrə verilir, ya da paytaxtdakı apteklərdə satdırılır.

“Qanda şəkəri ölçən cihazlar (qlükometrlər), test striplər və dərman preparatları bəzi xəstəxanaların baş həkim, baş tibb bacısı və o işə baxan şəxslər tərəfindən apteklərdə satışa çıxarılır”.

Bunu isə həkim-radioloq Aydın Əliyev şəkərli xəstələrin dərman çatışmazlığı ilə bağlı danışarkən deyib.

Həkim bildirir ki, şəkərli diabet xəstələrinin dərman problemi son vaxtlar daha da artıb: “Diabetli xəstələr qeydiyata alınırlar ki, dövlət tərəfindən onlar dərmanla təmin edilsin. Təəssüflər olsun ki, bəzi dövlət tibb müəssisələrində bu dərman preparatları, qanda şəkəri ölçən cihazlar (qlükometrlər) və yaxud test striplər bəzi xəstəxanaların baş həkim, baş tibb bacısı və o işə baxan şəxslər tərəfindən apteklərdə satışa çıxarılır. Halbuki o preparatlar dövlət tərəfindən verilib ki, şəkərli diabet xəstələrinə pulsuz verilsin. Həmin şəxslərin də birbaşa bu dərmanların çatışmazlığında rolu var”.

Həkim iddia edir ki, xəstəyə “dərman yoxdur” deyib harasa satırlar: “Şəkərli diabet aşkar olunan xəstə ömrünün geri qalan hissəsini bu dərmanlardan istifadə edərək yaşamalıdır. Bəzən eşidirəm ki, şəkərli diabet xəstələrinə həkimin təyin etdiyi keyfiyyətli dərmanın əvəzinə, keyfiyyəti çox aşağı olan, ziyanlı, əlavə təsirləri çox olan pereparatlar təklif edirlər. Əlbəttə ki, bu pereparatların əlavə təsirləri çox, effekti isə az olur. Ona görə də bir çox xəstələr bu problemdən əziyyət çəkirlər. Halbuki dövlətin şəkərli dibaetlər üçün kifayət qədər dərman pereparatı var. Ona görə də xəstələr çəkinmədən xəstəxanalardan ən yaxşısını və keyfiyyətlisini tələb etməlidirlər. Lakin yerlərdə bundan sui-istifadə edərək, qeyri-qanuni yollarla haradasa satışa çıxarır və gəlir əldə edirlər. Bunların qarşısı alınmalı və ciddi ictimai nəzarət olmalıdır . Vəzifə səlahiyyətlərini aşmaq olmaz, bu, həm də qanunla yolverilməzdir və cinayətdir”.

Xatırladaq ki, sosial şəbəkələrdə şəkər xəstələrinin dərmanları ala bilməməsi ilə bağlı narazılıqlar tez-tez paylaşılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN