"MMC-nin rəhbərliyi bildirir ki, bizimlə əmək müqaviləsinin təkrar bağlanmaması tapşırığını baş idarə verib"
"Mərcan Broyler" MMC-nin bir qrup işçisi "Təzadlar"a müraciət edərək, əmək hüquqlarının pozulduğunu bildirir.
Şikayətçilər yazır ki, MMC-nin rəhbərliyi onları qanunsuz olaraq işlə, çörəklə imtahana çəkir: "Biz Ucar rayonunun ərazisində olan "Mərcan Broyler" MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyirik.
Rəhbərlik xəbərdarlıq edib ki, müddəti bitdikdə bizimlə təkrar əmək müqavilə bağlanmayacaq. Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda konkret cavabı belə oldu ki, ixtisar var. Ancaq müəssisədə heç bir iş ixtisarı yoxdur. Çünki hazırda əmək müqaviləsi bağlanılıb yeni şəxsləri işə qəbul edirlər.
Əslində isə heç bir qanuni əsas olmadan bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.
Belə ki, təxminən bir ay öncə "Mərcan Broyler"də soyuducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı. Rəhbərlik bizə bildirdi ki, bu, sizin üçün ciddi nöqsandır, işdən çıxarılacaqsınız. Biz etiraz edib bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın, həmin mis boru kim tərəfindən götürüldüyü müəyyən olunsun və hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülsün. Ancaq rəhbərlik bunu etmədi.
Sonradan məlum oldu ki, mis borunun yoxa çıxması məsələsini özü planlaşdırıb və buna əsaslanaraq bizi işdən çıxartsın.
Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqaviləmizin vaxtına az qalıb, bizimlə yenidən əmək müqaviləsi bağlanmayacaq.
Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk. Çünki "Mərcan Broyler" MMC-də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.
"Mərcan Broyler" MMC-nin rəhbrəliyi bizə bildirir ki, bizimlə əmək müqaviləsinin təkrar bağlanmaması tapşırığını baş idarə verib.
Ona görə biz də "Təzadlar" vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət etməyi qərara aldıq.
Bu müraciəti imzalayan Zamanov Seymur Məhərrəm oğlu 8 ildir "Mərcan Broyler" MMC-də nöqsansız işləyir. Əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə bitir. Himayəsində 2 övladı var. Bacısı oğlu Cabbarov Oruc Akif oğlu Vətən müharibəsində şəhid olub.
Qədirov Yasin Qədir oğlu 1 il 8 aydır ki, MMC-də işləyir. Əmək müqaviləsinin müddəti iyul ayının sonunda başa çatır, himayəsində 2 uşağı var.
Hüseynov Ağahüseyn Ağahüseyn oğlu 3 ildir MMC-də işləyir, əmək müqavilısinin müddəti sentyabr ayında bitir, himayəsində 2 uşağı var.
İsmayılov Kamran Etibar oğlu 3 ildir MMC-də işləyir, əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur, himayəsində 2 uşağı var.
Qədirov Mansur Səfiqulu oğlunun əmək müqavilısinin müddəti 26 avqustda qurtarır, himayəsində 2 azyaşlı uşağı var.
Həsənov Mikayıl İsrayıl oğlu 1 il 4 aydır MMC-də işləyir, himayəsində 1 azyaşlı uşağı var.
Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmadı. İndi hazırda işsiz qalıb, ancaq onun əvəzinə, başqa şəxslə əmək müqaviləsi bağlanılıb. M.Əhədlinin əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.
Nəsirov Yadigar İlqar oğlunun da müddəti bitsə də, onunla təkrar əmək müqaviləsi bağlanmadı, əvəzinə, başqa şəxsi işə qəbul ediblər. Y.Nəsirovun himayəsində 1 azyaşlı uşağı var.
Hörmətli redaksiya!
Bilirk ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur.
Çünki çox sayda ailə başçısının işindən etmək, çörəksiz qoymaq ciddi qanunsuzluqdur, özbaşınalıqdır.
Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib evə çörək gətirən yoxdur.
"Mərcan Broyler" MMC-nin rəhbərliyinin bu addımı çoxlu sayda ailəni aclıqdan məhv etmək deməkdir. Əgər MMC-də ixtisar varsa, nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır? Yox, əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə, bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər.
Hansısa məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə, açıq şəkildə desinlər, biz də onlarla razılaşaq, başımıza çarə tapaq.
MMC rəhbərliyi bu qanuna-zidd hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur, hüquqlarımızı tapdayır.
Hörmətli redaksiya!
Biz sizin vasitənizlə Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyevadan xahiş edirik ki, bizim işdən çıxarılmağımızın qarşısını alaraq, təkrar əmək müqavilısi bağlanılması üçün "Mərcan Broyler" MMC-nin rəhbərliyinə göstəriş verilsin. Bizim ümid yerimiz dövlətimiz, onun rəhbərliyidir, xahiş edirik müraciətimiz obyektiv araşdırılaraq bizə köməklik göstərilsin.
Hörmətlə: "Mərcan Broyler" MMC-nin əməkdaşları.
- Zamanov Seymur Məhərrəm oğlu - Yevlax rayonunun Nərimanabad kənd sakini;
- Qədirov Yasin Qədir oğlu - Ucar rayonunun Məlikballı kənd sakini;
- Hüseynov Ağahüseyn Ağahüseyn oğlu - Ucar şəhəri, Nəsimi küçəsi, ev 15;
- İsmayılov Kamran Etibar oğlu - Ucar şəhəri, R.Rza küçəsi, ev 14;
- Qədirov Mansur Səfiqulu oğlu - Ucar rayonu, Alpout kəndi;
- Həsənov Mikayıl İsrayıl oğlu - Ucar rayonu, Alpout kəndi;
- Əhədli Muxtar Şakir oğlu - Yevlax rayonu, Nərimanabad kəndi;
- Nəsirov Yadigar İlqar oğlu - Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 7, mənzil 8".
Məsələ ilə bağlı "Mərcan Broyler" MMC-nin rəhbərliyi ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
ELBAR