Bu yaxınlarda "Kanal-13" internet kanalında və bir neçə saytda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı "İcra başçısı otağında şəhid anasını döydü" başlıqlı videosüjet yer almışdı.
Daşkəsən Rayon İcra Hakimiyyəti sözügedən videosüjetə münasibət bildirsə də, məsələ, nədənsə, hələ də yerli medianın gündəmindədir.
Bunu nəzərə alaraq məsələyə aydınlıq gətirmək üçün Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev sorğumuza cavab olaraq bunları bildirdi: "Daşkəsən rayonunun Dəstəfur kənd sakini, şəhid anası Şıxıyeva Sevda İsrafil qızı dəfələrlə yazılı və şifahi olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinə şikayət edərək bildirib ki, guya Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Şıxıyev Orxan Raqif oğluna qəsdən müharibəyə çağırış vərəqəsi verərək, onun şəhid olmasına səbəb olub. Bu səbəbdən də o, L.Cəfərovanın işdən azad edilməsini tələb edib.
Həmin şikayətlə bağlı araşdırma aparılıb və nəticədə, Sevda Şıxıyevanın şikayətində göstərdikləri öz təsdiqini tapmayıb. Belə ki, 2-ci Qarabağ müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən bölməsi tərəfindən rayonun Dəstəfur kəndindən 13 nəfər, o cümlədən Şıxıyev Orxan Raqif oğlu səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Orxan Şıxıyev 44 günlük Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub və o, 02.11.2020-ci il tarixdə Daşkəsən rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub".
E.Əliyevin sözlərinə görə, şəhid ailəsi kimi Sevda Şıxıyevaya dövlət orqanları tərəfindən yüksək səviyyədə yardımlar, birdəfəlik müavinətlər verilib: "Şəhidin ailə üzvləri - Sevda Şıxıyevanın Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan qızı Xalidə Qasımova müvafiq təhsili olmadığı halda, Dəstəfur kənd kitabxanasına müdir təyin olunub. S.Şıxıyevanın digər tələbi ilə bacısı oğlu Asif Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova Dəstəfur kənd tam orta məktəbində işlə təmin olunub, oğlu Sərxan Şıxıyev isə "AzərGold" QSC-də işə qəbul edilib. Lakin o, işə getmədən əmək haqqı almaq istəyir. S.Şıxıyevanın həyat yoldaşı Raqif Şıxıyev isə Daşkəsən Elektrik Şəbəkəsində elektrik-montyoru kimi işə götürülüb. Özü də uzun illərdir III dərəcə əlillik pensiyası alır, yəni bu ailənin işlə bağlı heç bir problemi yoxdur".
E.Əliyev əlavə etdi ki, Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev ilə aralarında mütəmadi olaraq münaqişə olub və nəticədə, S.Şıxıyeva oğlunu və gəlini Nəzmiyə Şıxıyevanı evdən qovub: "Həmin ailə münaqişəsi ilə bağlı material polisdə araşdırıldıqdan sonra hadisə Göygöl rayonu ərazisində baş verdiyi üçün Göygöl rayon Məhkəməsinə göndərilib. Məhkəmədə həmin işə baxılarkən Orxan Şıxıyev səfərbərlik üzrə hərbi xidmətə çağırılıb və o, Vətən müharibəsində iştirak edərək şəhid olub.
Orxan Şıxıyevin dəfnindən sonra anası Sevda Şıxıyeva şəhidin ailəsinə verilən birdəfəlik müavinətləri və toy zamanı hədiyyə edilmiş qızıl-zinət əşyalarını gəlini N.Şıxıyevadan zor tətbiq etməklə alıb, özünü isə Göygöl rayonunun Yeni Qızılca kəndində olan evindən qovub.
Hazırda Nəzmiyə Şıxıyeva bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edərək pulunun və qızıl-zinət əşyalarının qayınanası Sevda Şıxıyevadan geri qaytarılmasını tələb xahiş edib, lakin hələ də onun bu istəyi təmin edilməyib".
E.Əliyev onu da bildirdi ki, S.Şıxıyeva şəhid ailəsi statusundan istifadə edərək ali təhsilli, 10 il məktəb direktoru olmuş, 2012-ci ildən Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyən, üzərinə düşən vəzifələri layiqincə, məsuliyyətlə yerinə yetirən, bu vaxtadək hər hansı bir xəbərdarlıq, töhmət almayan Lalə Cəfərovanın tutduğu vəzifədən əsassız olaraq təkidlə azad edilməsini tələb edir: "O, Lalə Cəfərovanın yerinə özünün istədiyi şəxsin təyin olunmasını məcbur edir, halbuki həmin şəxsin ali təhsili belə yoxdur. Ona görə də Sevda Şıxıyeva Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovadan müxtəlif orqanlara qərəzli şikayətlər yazaraq onun işdən azad olunmasını əsassız olaraq tələb edir".
Elmar Əliyevdən Sevda Şıxıyevanın Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovaya qarşı belə mövqedə olması səbəbinin nə ilə bağlı olduğunu soruşduqda, cavabı belə oldu: "Vaxtılə Sevda Şıxıyevanın bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu ağır cinayətlər törətməsi ilə bağlı məhkəmə tərəfindən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sevda Şıxıyeva və qohumları təkidlə bildirirlər ki, Asif Məmmədovun həbsində həmin dövrdə Dəstəfur kənd icra nümayəndəsi işləyən Lalə Cəfərovanın qayınatası Həsənov Səməndər Mirzə oğlu günahkardır. Guya Səməndər Həsənov Asif Məmmədov barəsində hüquq-mühafizə orqanlarına məlumat verib və onu həbs etdirib. Ona görə də hazırda Lalə Cəfərovadan həmin hadisənin qisasını almaq istəyirlər.
Lalə Cəfərovanı vəzifəsindən azad etdirə bilmədiyi üçün Sevda Şıxıyeva şəhid ailəsi statusundan istifadə edərək müxtəlif yerlərdə həqiqətə uyğun olmayan məlumatlar yayır. Belə ki, Sevda Şıxıyeva Daşkəsəndəki şəhid ailələrini aldadaraq onları inandırıb ki, guya onun Bakı şəhərində yüksək vəzifəli şəxslərlə əlaqəsi var. Onların vasitəsilə şəhidlərin adını əbədiləşdirməkdən ötrü rayon ərazisində küçələrə, məktəblərə şəhidlərin adının verilməsi, xidmətləri ilə bağlı ordenlərlə təltif edilməsi üçün şəhid analarını Müdafiə Nazirliyinə aparıb, orada növbətçinin qəbulunda olduqdan sonra isə onları “Hürriyyət” internet kanalına apararaq, orda şər və böhtan, qərəzli sözlər danışıb.
Şəhid ailələri Sevda Şıxıyevanın belə qərəzli, yalan və böhtan xarakterli danışdığını görəndə ona öz etirazlarını, iradlarını bildirib və oradan gediblər. Bu məsələ ilə bağlı 24 şəhid ailəsi Daşkəsən rayon İcra Hakimiyyətinə öz imzaları ilə 15.07.2021-ci il tarixdə yazılı kollektiv müraciət ünvanlayıb.
Beləliklə, qeyd edilən faktlar Daşkəsən rayon İcra Hakimiyyətinin ünvanına göndərilmiş Daşkəsən rayonunun 24 şəhid ailələsinin müraciətləri, Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovanın və Sevda Şıxıyevanın gəlini (şəhid Orxan Şıxıyevin həyat yoldaşı) Şıxıyeva Nəzmiyə Araz qızının ərizələri ilə bir daha təsdiqini tapır.
Sevda Şıxıyevanın məqsədi Daşkəsən rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq, regiondakı mövcud sabitliyi pozmaqdır".
ELBAR