Bu gün AMEA- nın Mərkəzi Elmi Kitabxanasında 44 günlük Vətən Müharibəsinin şəhidi, rəssam Rauf İbadovun xatirəsinə həsr olunmuş sərgi və konfrans düzənləndi...
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananda (MEK) həm də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rauf İbadovun xatirəsinə həsr olunmuş “Rəssam-kəşfiyyatçı” adlı kitabın təqdimatı keçirildi. Tədbir iştirakçıları əvvəlcə MEK-in foyesində Ulu Öndərin büstü önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Həmçinin qonaqlara şəhidin çəkdiyi rəsm əsərlərinə, əldə etdiyi sertifikatlar və diplomlardan və özünün rəssam kimi çəkdiyi şəkillərindən ibarət sərgiyə baxış təqdim olundu.
Əməkdar artist, professor Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycanın dövlət himni səsləndirildi.
Könüllü olaraq müharibəyə gedən Rauf İbadov fırçasını silaha çevirərək döyüş bölgəsinə yollanıb, hərbi komandanlığın etirazına baxmayaraq o, döyüş meydanını düşmənlə bölüşməli olub. Ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, çoxsaylı medallarla təltif olunub. Lakin hələ arxa cəbhədə rəssamlıq fəaliyyətini davam etdirərkən "Şəhidlik ən uca zirvədir, hər kəsə qismət olmaz!" deyən Rauf İbadov bu ucalığı qazanır- şəhid olur!
XXX
...Bu gün Rauf İbadov haqqında xatirələrini danışanlar onun nümunəsində bütün şəhidlərimizin ruhu qarşısında baş əydiklərini deyərək, valideynlərinə səbr arzuladılar.
Xatirə məclisində çıxış edənlər- AMEA- nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, millət vəkili Elman Nəsirov, Xalq şairi Vahid Əziz, Əməkdar artist Azad Şükürov və başqaları Rauf İbadov kimi qəhrəman oğul böyütdüklərinə görə valideynlərinə dərin təşəkkürlərini etdilər. Xalq artisti Samir Cəfərovun Rauf İbadova həsr olunmuş mahnı ifası alqışlarla qarşılandı.
Tədbirdə Xalq artisti Samir Cəfərov “Vətən qəhrəmanı” mahnısını ifa etdi. Həmçinin şəhid Rauf İbadova həsr edilən və sözləri Baba Vəzirğoluna, musiqisi Sevinc Tofiqqızına məxsus “Qəhrəmanlıq dastanı” əsərin klipi təqdim olundu, Əməkdar artist Azad Şükürov isə Ramiz Rövşənin “Qapı” şeirini ifa etdi.
Sonra igid kəşfiyyatçı Rauf İbadovun atası Məhərrəm İbadov yüksək səviyyədə təşkil olunmuş xatirə məclisinə görə AMEA- nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyevə və eləcə də tədbir iştirakçılarına ailəsi adından dərin minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən Xalq şairi Vahid Əziz, Meğri İcmasının sədri akademik Fikrət Əliyev kitab haqqında öz dəyərli fikirlərini bölüşdülər. Çıxışlarda Nüvədi kənd sakinlərinin qəhrəmanlıqlarından bəhs olundu, bu igidliyin nüvədili şəhid Raufun qanına hopduğu xüsusilə vurğulandı, Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində Qərbi Azərbaycana qayıdacaqlarına yüksək əminlik bildirildi.
Kitabın müəllifi Azər Hacıbəyli isə çıxışında rəssam-kəşfiyyatçı Rauf özünün çəkdiyi əsərlərində qəhrəman obrazlarını yaradarkən, həmin o şəhidlik zirvəsinə məqsədyönlü şəkildə getdiyini bildirdi və şəhidin atası, kitabın həmmüəllifi Məhərrəm İbadova bir daha təşəkkürünü bildirdi.
"Təzadlar" xatırladır ki, İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil alıb.
2017-2018-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.
2020 -ci il iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb.
Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə Rauf manqa komandiri təyin olunub.
Son məlumata görə, 23 oktyabr tarixində Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına şəhid olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.
30 oktyabr 2020-ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif olunmuşdur.
Şəhid- rəssam və kəşfiyyatçı Rauf İbadovun xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
XXX
Sonda xüsusilə qeyd etməyi vacib sayırıq ki, çoxsaylı aforizmlərin müəllifi olan Rauf İbadovun qəhrəmanlıq dolu həyat hekayəsi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyat hekayəsi ilə eynilik təşkil edir. Belə ki, Mehdi Hüseynzadə də rəssam idi, Rauf İbadov da... Mehdi Hüseynzadə də kəşfiyyatçı idi, Rauf İbadov da... Mehdi Hüseynzadə də döyüşdə qəhrəmancasına şəhid olmuşdur, Rauf İbadov da... Və hər ikisinin döyüş yolu, düşmənlə mübarizə yolu, qəhrəmanlığı gənc nəsil üçün böyük bir məktəbdir!
A.Məmmədli