Bəzi insanlar haqqında söz demək, yazmaq çətin olur. Həyatını ha vərəqləyirsən, “izinə-tozuna” rast gəlmirsən ki, qələmin üçün bir tutalqa olsun. Bu ara “mod” olmasa da, Lenindən bir sitat yada salıram. O deyirdi ki, mən hüquqşünasam, ancaq faktı sevirəm. Yəni, bir şəxsin ömür səlnaməsində yaxşı işləri, xeyirxah əməlləri, el-oba sevgisi qazandırmış fəal vətəndaş mövqeyi varsa, belə insanlar haqqında yazmağa nə var ki! Çünki belə insanlar zənginliyi ilə örnək ola biləcək tərcümeyi-hallarını əməlləri ilə özləri yazırlar. Qalır onu geniş oxucu kütləsinə çatdırmaq. Elə Allahverdi Nəsiboğlu haqqında da eləcə...
Allahverdi Nəsib oğlu Məmmədov - 65 illik şərəfli ömür yolu keçmiş adlı-sanlı müəllim! Pedaqoji sahədə çalışan hər bir müəllimin arzusunda olsa da, hər adamın sahib olması xəyal kimi görünən savad, hörmət və nüfuz sahibi olan, əvvəl Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində, 1994-cü ildən sonra isə rayonda məzunlarının göstəriciləri ilə rayonun qabaqçıl məktəbləri sırasında olan 68 saylı Ağdam köçkün tam orta məktəbində coğrafiya müəllimi və tədris işləri üzrə direktor müavini olan müəllim! Şagird və valideynlər yanında ən böyük qazancı hörmət, nüfuz, etibar, dövlət səviyyəsində isə zəhmətinin bəhrəsi 80-ci illərdə “Baş müəllim”, “İlin ən yaxşı müəllimi”, “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adlara layiq görülən Allahverdi müəllim! Ən başlıcası, işlədiyi kollektivin, dərs dediyi şagirdlərinin sevimlisi olan və respublikanın təhsil tarixinə adı yazılmış Nəsiboğlu! Dost-tanış yanında, mötəbər məclislərdə müəllimliyindən danışılanda yadıma klassik pedaqoqlardan Makarenkonun “Ürəyimi uşaqlara verirəm” əsərini xatırladığım Allahverdi müəllim!
Bəli, ürəyini dərs dediyi şagirdlərinə verməyi, onların taleyi olmağı bacarmayan müəllim heç zaman Nəsiboğlu kimi şagirdlərinin nə sevgisini qazana bilər, nə fənnini sevdirə bilər, nə də övladlarının təlim-tərbiyəsini ona etibar etmiş valideynlərin nəzərində müqəddəs müəllim ucalığına yüksələ bilər.
Mərzili kənd orta məktəbində çiyin-çiyinə işlədiyimiz vaxtlardan Allahverdi müəllimin yanına təşəkkür və minnətdarlığa gələn valideynləri yaxşı xatırlayıram. İndiki yaşında olduğu kimi, gəncliyinin o çağında da təşəkkürlərdən qürurlanırdı, amma qürrələnmirdi, fərəhlənirdi, amma təkəbbürdən uzaq olmaqla. Düşünürəm ki, əgər belə olmasaydı, o, nə işlədiyi kollektivin, nə şagird və valideynlərin nəzərindəki ucalığı qazanardı, nə də həmkarlarının etimadı əsasında rəsmi təltiflərə, fəxri adlara gedən yolu açıq olardı. İnanıram ki, bu rəsmi adların verilməsində Allahverdi müəllim haqqında pedaqoji ictimaiyyətin, eləcə də təmasda olduğu cəmiyyət üzvlərinin rəyinin çox mühüm rolu olmuşdur.
Mənim bu yazdıqlarım ruhunda, canında müəllimlik olan Nəsiboğlunu mədh etmək deyil, layiq olduğunu, necə deyərlər, üzünə deməkdir. Bir müdrikin deyimini xatırladıram. Orada deyilir ki, nökəri, qulu iş görəndən sonra, oğulu dostlarının yanında, arvadı öləndən sonra, müəllimi üzünə təriflə. Allahverdi müəllim hər cür tərifə də, təltifə də layiq olduğunu əlinə sinif jurnalı aldığı 1977-ci ildən bu günə qədər məsuliyyətli işi ilə, əməli ilə, nizam-intizama sayğısı ilə, çalışdığı pedaqoji kollektivlərdə qazandığı hörmət və nüfuzu ilə sübut etmişdir.
Təhsil şagirdlərə məlum olan biliyi öyrədirsə, elm məlum olmayanları öyrədəndir. Allahverdi müəllimin hər bir dərsi hər iki kompanenti şagirdinə eyni vaxtda çatdıran yaradıcı prosesdir. Ona görə də deyə bilərəm ki, Allahverdi müəllim şagirdinə öyrənməyi öyrədən müəllimdir. Onun yenilikçiliyi tədris işində hər addımda hiss olunmaqdadır. O, bilir ki, belə olmasa, görülən iş, atılan addım sürətlə dəyişən zamandan geri qalacaqdır.
Vətənsevərliyini bildiyimdən onu da deyə bilərəm ki, Allahverdi müəllimlə vətəni bölüşmək olar, etibar etmək olar. Onun şagirdlərinə də, nəvələrinə də olan tovsiyələrinin mahiyyətində elə bu müqəddəs anlam durur...
***
Allahverdi Nəsib oğlu Məmmədov 1959-cu ilin xoş bir bahar günündə Mərzili kəndində anadan olub. Ailədə 5 bacı, 4 qardaş olublar (Ballı, Güllü, Qızbəs, Bənövşə, Allahverdi, Vəkil, Vəzir, Vaqif). Tanrı olduqca sadə, zəhmətkeş Nəsib kişiyə, həyat yoldaşı Şamaxı İsmayılqızına Allahverdini verməklə onlara ilk oğul övladının sevincini yaşamağı qismət etmişdi... Allahverdinin oxumaq həvəsi onun 6 yaşından məktəbə getməsinə səbəb olmuş və o, adlı-sanlı Mərzili kənd orta məktəbinin məzunu olmuşdur (1965-1975). Allahverdinin hər yay tətilini Dəlidağ yaylaqlarında keçirməsi, onun təbiət vurğunu olması, ali təhsil üçün də BDU-nun çoğrafiya ixtisasını seçməsi üçün ən azı mühüm səbəblərdən olmaya bilməzdi. Necə deyərlər, hər şey vaxtın əlində, qismət isə baxtın əlində. Bununla da Allahverdi bütün həyat illərini sevdiyi, seçdiyi ixtisası ilə gənc nəslin təlim-tərbiyəsi yolunda vərəqləməyə başladı ki, aprel ayının 28-də şərəflə yaşadığı ömrünün 65-ci səhifəsini qatlamış olur...
Allahverdi müəllim nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Tərlan xanımla bir oğul, iki qız böyüdüblər. Hər biri də təhsilli, cəmiyyətdə yeri olan övladlar...
Allahverdi müəllim pedaqoq kimi sevilib, seçilib həmişə. Onun yenilikçi müəllim kimi qiymətləndirilməsini, təltiflərini zəngin avtobioqrafiyasının yuvarlaq səhifəsi kimi “Təzadlar”ın oxucularına təqdim edirəm: Allahverdi müəllim 1982-ci ildə Ağdam rayonu üzrə coğrafiya olimpiadası komissiyasına, 1986-cı ildə həmin komissiyanın sədri seçilib, 1987-ci ildə “Baş müəllim”, 1991-1992-ci tədris ilində Ağdam rayonu üzrə “İlin ən yaxşı müəllimi”, 2004-cü ildə “Sabah” Beynəlxalq Xalq Humanitar Təşkilatının Qarabağ zonası üzrə təhsil şöbə müdiri, 2006-cı ilin oktyabrında “Tərəqqi” medalı ilə təltif olunub, 2018-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qurultayına nümayəndə seçilib, 2018-ci ildə müxtəlif qəzet səhifələrində, bir çox kitablarda çap olunmuş bədii-publisistik məqalələrinə görə “Qızıl qələm” media mükafatına layiq görülüb, bir çox kitablarda haqqında maraqlı yazılar yer alıb (“Ağdamın görkəmli ziyalıları”, “Azərbaycan ziyalıları”, “Xudu Məmmədov adına Mərzili kənd orta məktəbi-adı ilə qürur duyduğumuz müqəddəs təhsil ocağı”) və s.
Əminliklə deyə bilərəm ki, A.Nəsiboğlunun xarakter saflığı onun ailəsindən, anadan olduğu kəndin adət-ənənəsindən, respublikada tanınan Mərzili kənd orta məktəbində aldığı təhsil və tərbiyədən asılıdır. O, tərəkəmə adət-ənənələrinin hakim əxlaqi dəyərlər olduğu mühitdə böyüyüb. O mühitdə ki, mayası Dəlidağın, Qaranlıq yaylağının havasından, bulaqlarının suyundan, təmiz qidalarından tutulub. Yaylaq havasının təmizliyi, sularının saflığı Nəsiboğlunun hafizəsinin möhkəmliyində, yaddaşının itiliyində bu yaşında da aparıcı amil hesab etmək olar. Onun bir dəfə oxuduğu və ya dinlədiyi şeirin yadında qaldığını görməsəm, bilməsəm, belə düşünmərəm...
Mənə elə gəlir ki, bu gün Mərzili kəndinin yetirmələri olan, dahi Xudu Məmmədov başda olmaqla 46 alimi (6 nəfəri xanım olmaqla), 700-ə yaxın ali təhsillisi, onlarca şair və yazıçısı, mədəniyyət və incəsənət nümayəndəsi bu kəndin əsrləri geridə qoyan təbii mühitin bir parçası olması, təbiətlə qol-boyun olması ilə bağlıdır.
***
Allahverdi müəllim 30 illik köçkünlük dövrünün ağrılarını ruhən hiss edən, qəlbən çəkən ziyalılarımızdandır. Çünki o, bəzi adamlar kimi ancaq itirdiyi isti yuvasını, o zamanlar üçün həqiqətən də təmtaraqlı evlərini, illərlə qurub-yaratdıqlarına acımır, təəssüflənmir, o, bir ziyalı kimi köçkünlüyü bütöv bir xalqın faciəsi kimi, milli kədər səviyyəsində qəbul edir. Nəsiboğlu bir ovuc erməninin iddialarının kökünün “Gülüstan”dan, “Türkmənçay”dan rişələndiyini düşünübdü həmişə. Bu da aydındır, dahilərimizin birinin sözüdür, deyir ki, bütün əsrlərdə hər bir xalqın problemləri onun ziyalılarının çiynində gedir...
A.Nəsiboğlunun həssas, kövrək ruhlu olması əhatəsində olduğu hər kəsə bəllidir. Onun hər kəsi olduğu kimi qəbul etməsinə görədir ki, çoxsaylı dostları vardır. Ona görə də bəzən dostun sayı bir neçə ola bilər - fikrini inkar edir Allahverdi müəllim. Çünki o, dost üçün yanandı, dost “yandıran” deyil. Onun dilində ən çox mərhum dostumuz Qələndər Xıdırovun, Baxşeyiş Əliyevin, eləcə də Valeh Baxşəlinin, Rəhim Məmmədovun, Qaryağdı Quliyevin və daha neçə-neçə müxtəlif sosial təbəqələrin nümayəndələrinin adlarını eşitmək olar. Allahverdi müəllimin insanlara münasibətindəki prinsipi belədir: axı, insanlara verilən sevginin qarşılığı elə sevgidir!..
Allahverdi müəllim folklorumuzdan qaynaqlanan söz, fikir “yükünə” malik ziyalıdır. Hər kəs onu təkcə gözəl şeir nümunələrinin, zərb-məsələlərin həvəskarı, bilicisi kimi yox, eyni zamanda əsl poeziya vurğunu kimi tanıyır. Mənə elə gəlir ki, bu da onun tərəkəmə mühitində, təbiət qoynunda, Dəlidağın füsunkar gözəlliklərinin qoynunda böyüməsi və o saf, təmiz ruhu bu gün də özündə hiss etməsi ilə bağlıdır.
Bir sözlə, Allahverdi müəllim üçün doğma el-obadan kənarda hər yer onun üçün qəriblikdir. Onun 1993-cü ildən bu günədək olan dualarının əvvəli də, axırı da Qarabağa, doğma Mərziliyə dönmək arzuları ilə bağlıdır. Çox şükür ki, onun duaları hasil olundu, torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə isə antiterror əməliyyatı nəticəsində təmamilə azad oldu... Mən arzu edirəm ki, Allahverdi Nəsiboğlu növbəti ad günlərini, yubileylərini, nəvə-nəticə toylarını Mərzilidə keçirmək qismətini yaşasın. Və həmin günlərin gerçəkliyinə ümid etməməyə də haqqım yoxdur. Çünki “niyyətin hara, mənzilin ora” deyən babalarımızın sözlərinə həmişə inanmışam.
Hər kimin ruhunda, canında qurmaq, yaratmaq, peşəsi ilə xalqına təəssübkeşliklə xidmət etmək həvəsi, qüdrəti varsa, o insanların da təbii olaraq tarixdə qalmaq arzusu da var. Bəlkə də insan özü də hiss etmədən, o arzu insanı qurub yaratmağa, milli, bəşəri dəyər ola biləcək işlər görməyə sövq edir. Yaxşı müəllimin də yetişdirdiyi şagirdi, tələbəsi onun milli sərvətə çevirilən məhsulu deyilmi? Bu yanaşma ilə, Allahverdi Nəsiboğlu milli sərvət sayılacaq nə qədər şagirdin taleyinə iz salıb, iş görüb? 40 ildən çox bir müddət, pedaqoji fəaliyyət üçün dəqiq rəqəm söyləmək çox çətindir. Bundan sonra da Allahverdi müəllimə yaradıcı, peşəkar, savadlı pedaqoqdan umduğumuz fəaliyyət arzulayıram. Bunun üçünsə, həvəs də var, təcrübə də var, enerji də var...
Yusif MİLLƏTOĞLU,
şair-publisist, AYB-nin üzvü