Birləşmiş Ərəb Əmirliyinin səlahiyyətli şəxsləri Dubaya daha çox xarici turist cəlb etmək üçün ən azı bir il ərzində spirtli içkilərə tətbiq edilən bir sıra vergiləri ləğv edib.
Əmirlik spirtli içkilərin satışından 30%-lik bələdiyyə vergisini ləğv etdiyinə görə tətildə alkoqollu içkilərlə əylənməyi sevən səyahətçilər üçün Dubaya səyahət ucuzlaşıb.
Ölkə, həmçinin insanların evdə içmək üçün alkoqol almasına icazə verən içki lisenziyaları üçün 270 dirhəm (təxminən 73 dollar) rüsumunu da ləğv edib. Rüsum və vergi endirimləri artıq qüvvədədir və il ərzində sınaqdan keçiriləcək.
Bu barədə Travel Off Path xəbər yayıb.
Nəşrin qeyd etdiyi kimi, əsas alkoqol tədarükçüləri artıq öz sosial şəbəkələrində qiymətlərin azaldılması barədə məlumat verirlər, lakin yenə də 5% ƏDV tutulacağı barədə xəbərdarlıq edirlər.
Bu addımın Dubayın turistlərə alkoqola yüksək vergilər tətbiq edən qonşu ölkələrlə rəqabət etmək üçün cəlbediciliyini artıracağı gözlənilir.
Qeyd edək ki, turizm Dubay üçün mühüm gəlir mənbəyidir və turistlərin sayı 2022-ci ilin birinci yarısında bir ilin eyni dövrü ilə müqayisədə 180%-dən çox artmışdır.
***
Tarixi mənbələrə görə, 1940-cı ilə qədər Dubay çox da böyük olmayan bir yaşayış məntəqəsi olub. Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər, lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.
Bütün bu illər ərzində əmirliklər arasında sərhəd mübahisələri davam edirdi. Hətta Birləşmiş Ərəb Əmirlikləri yaranandan sonra belə, bu mübahisələr qalmaqda idi.
Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılmışdır. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars Körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968–73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdır.
1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.
1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyindən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.
JASMİN