Ukrayna Ali Radasının 101 deputatı xarici işlər naziri Dmitri Kulebanı Rusiyanın BMT-dən çıxarılmasının gedişatı barədə məlumat verməyə çağırıb.
Bu barədə xalq deputatları tərəfindən imzalanan sənəddə deyilir.
İmzalayanlar “Xalqın Qulluğunda”n tutmuş “Avrohəmrəyliyə” qədər müxtəlif fraksiyaların nümayəndələridir. Bir neçə deputat “europravda”ya müraciətin faktını təsdiqləyib. Xarici İşlər Nazirliyindən hələlik heç bir cavab gəlməyib.
Deputatlar Kulebadan Rusiyanın BMT-dən çıxarılması üçün hansı tədbirlərin görüldüyünü və hansı tədbirlərin görüləcəyini bildirməyə çağırırlar. Digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının BMT-dən çıxarılmasına yönəlmiş fəaliyyət planının olub-olmadığını, onun hazırlandığını və inkişafına kimin cavabdeh olduğunu bilmək istəyirlər.
2022-ci il dekabrın 1-də Ukrayna Ali Radası Rusiya rejiminin terrorçu kimi tanınması, Rusiya Federasiyasının BMT-də mövcudluğunun qeyri-legitimliyi və təcavüzü dəstəkləyən Rusiya siyasi partiyalarının üzvlərinin məsuliyyəti haqqında Bəyanat qəbul edib.
İmzalayan tərəflər qeyd edirlər ki, Ali Rada bu bəyanatla Rusiya Federasiyasının BMT-də qalmasının qeyri-legitim olduğunu bəyan edib və SSRİ-nin BMT-yə üzvlüyündən irəli gələn hüquq və öhdəliklərdən RF-nin istifadəsindən uzaqlaşdırılması üçün təcili tədbirlərin görülməsinə çağırıb.
Bundan əlavə, onlar xatırladıblar ki, 2022-ci il dekabrın 26-da Ukrayna Xarici İşlər Nazirliyi də Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında və BMT-də mövcudluğunun qeyri-legitimliyi barədə bəyanat verib. Həmçinin deputatlar xatırladıblar ki, xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Rusiya Federasiyasının BMT-dən çıxarılması məsələsi Ukraynanın xaricdəki hər bir səfirinin vəzifəsidir.
Xatırladaq ki, Ukrayna dekabrda BMT-yə üzv dövlətləri Rusiya Federasiyasının BMT-də qalmasının legitimliyi məsələsində BMT Nizamnaməsinin tətbiqini bərpa etməyə, Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etməyə və onu bütövlükdə BMT-dən çıxarmağa çağırıb.
Eyni zamanda, Estoniya Xarici İşlər Nazirliyinin vitse-kansleri Myart Volmerin sözlərinə görə, əksər dövlətlər Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü məsələsinə Ukraynanın yanaşmasını bölüşmür, ona görə də onun bu qurumdan çıxarılması məsələsi hələ ki, ümidverici deyil. Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukaş Jasina isə hesab edir ki, Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq üçün müraciət etməsi məntiqlidir, çünki beynəlxalq hüquq ölkələri BMT-dən kənarlaşdırmağa imkan verir.
JASMİN