“İstənilən kanalda canlı yayıma baxarkən işləyə biləcəklər”...
Kreml prezidentin fevralın 21-də Federal Məclisə müraciətinə dost olmayan ölkələrdən gələn xarici media jurnalistlərini akkreditasiya etməyəcək. Tədbirdə yalnız dost dövlətlərin xarici mətbuat nümayəndələri şəxsən iştirak edə biləcəklər. Bu barədə çərşənbə günü jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezidentin Federal Məclisə müraciətinə gəlincə, orada dost ölkələri təmsil edən xarici KİV-lər akkreditasiyadan keçəcək. Biz oraya dost olmayan ölkələrin xarici mediasını dəvət etməyəcəyik", - deyə Peskov bildirib. Kreml sözçüsü diqqətə çatdırıb ki, “onlar istənilən kanalda canlı yayıma baxarkən işləyə biləcəklər”.
Fevralın 22-də “Lujnik”də keçiriləcək mitinq-konsert üçün xarici KİV-in akkreditasiyası barədə danışan Rusiya liderinin mətbuat katibi bu barədə heç nə deyə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, o, bir müddət əvvəl bildirib ki, bu tədbirdə iştirak prezidentin cədvəlinə uyğun olarsa, bu barədə mətbuata məlumat veriləcək.
Peskovun daha əvvəl elan etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisdə müraciətlə çıxış edəcək. Tədbir Moskvada "Qostinıy Dvor"da baş tutacaq. O, tədbirə dəvət olunanlardan danışarkən vurğulayıb ki, ənənəvi kateqoriyalı qonaqlarla yanaşı, yeni qonaqlar, o cümlədən “xüsusi hərbi əməliyyat”ın iştirakçıları olacaq.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Və 10-cu da “yoldadır”... Lakin bütün bu sanksiyalar hələ ki, müharibəni dayandırmaq üçün təsir vasitəsi ola olmayıb. Və bir neçə gündən sonra Ukraynada başladılan müharibənin bir ili tamam olacaq. Müharibənin bitmə tarixi isə...
JASMİN