“Media Haqqında ” Qanun layihəsinin əsas məqsədi jurnalistlərin statusunun yüksəldilməsi, yerli məzmunun dəstəklənməsi və informasiya təhlükəsizliyini təmin etməkdir.
***
Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Xıdırəli mərkəzi və regional dövlət orqanlarının mətbuat katibləri üçün keçirilən seminarda informasiya əldə etmək haqqında qanuna hazırlanmış düzəlişlərdən danışıb.
Bu barədə nazirlik məlumat yayıb.
"Təklif olunan dəyişikliklər vətəndaşların informasiya əldə etmək hüququnu qanunsuz məhdudlaşdıran dövlət orqanlarının məsuliyyətini artırır. İndi jurnalistin sorğusuna cavab vermək vaxtı azaldılacaq. Əvvəllər 7 gün nəzərdə tutulurdusa, indi bu müddət 3-5 günü keçmir”, - nazir bildirib.
O, həmçinin diqqətə çatdırıb ki, hazırda müzakirə olunan “Media Haqqında ” Qanun layihəsinin əsas məqsədi jurnalistlərin statusunun yüksəldilməsi, yerli məzmunun dəstəklənməsi və informasiya təhlükəsizliyini təmin etməkdir.
Nazirin sözlərinə görə, bu, informasiya şəffaflığını artırmaqla yanaşı, məsuliyyəti də artıracaq.
"Həmçinin informasiya təhlükəsizliyi doktrinası da həyata keçiriləcək. Doktrinanın əsas vəzifəsi daxili media məkanının rəqabət qabiliyyətini artırmaq və ölkənin informasiya müstəqilliyini təmin etməkdir", - deyə o, bildirib.
***
Qeyd edək ki, Azərbaycanda qanunla müəyyən edilmiş müddətdə jurnalistlərin sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
JASMİN