Çinin dövlət başçısı Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Ukrayna probleminin dialoq yolu ilə həll edilməsi ilə əlaqədar çağırış ediblər.
TEZADLAR.AZ xəbər verir ki, Çin lideri Si Cinpin ilə rusiyalı həmkarı Vladimir Putinin dünənki görüşündən sonra iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyannamə yayılıb.
“Yeni dövrdə hərtərəfli strateji əməkdaşlıq koordinasiyasının dərinləşdirilməsi və Ukrayna böhranının dialoq yolu ilə həll edilməsi” başlığı ilə yayımlanan bəyannamədə tərəflər problemin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar.
Liderlər birgə bəyannamədə Amerika Birləşmiş Ştatları və Qərb ölkələrinin məsələ ilə bağlı mövqeyini üstüörtülü şəkildə tənqid edərək bu ifadələrə yer veriblər: “Tərəflər hər hansı bir ölkə və ya bir qrup ölkələrin təhlükəsizliklə bağlı qanuni maraqlarına zərər verəcək hərbi, siyasi və digər sahələrdə üstünlük əldə etməsinə qarşıdırlar'' .
Rusiya lideri Vladimir Putin bəyannamənin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında sülh danışıqlarının davam etdirilməsi məsələsini qiymətləndirib.
Vladimir Putin Çinin irəli sürdüyü sülh planının bir çox müddəasının Rusiyanın yanaşmaları ilə uyğunlaşdığını bildirib.
ABŞ-ın görüşlə bağlı verdiyi açıqlamada liderlərin Ukrayna ilə bağlı təkliflərinin müharibənin tezliklə bitəcəyinə dair böyük ümidlər vermədiyi bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi tərəflərin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl olunmasını müdafiə etdiyini və bunun Rusiyanın BMT-nin başqa bir üzvü olan Ukrayna ərazisindən çıxması mənasına gəldiyini vurğuladı.
"Çin konstruktiv rol oynamaq istəyirsə Rusiyaya Ukraynadan çıxması üçün təzyiq göstərməlidir",-deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü qeyd edib.
TRT