Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə özünün yazmış olduğu “Mənim həyatım. Asılılıqdan azadlığa doğru” kitabının br nüsxəsini hədiyyə edib.
Bu barədə UzA yazır.
Belə ki, dekabrın 6-da Nazarbayevin mətbuat katibi Aidos Ukibay kitabı Mirziyoyevin mətbuat katibi Şerzod Əsədova təhvil verib.
“Nursultan Nazarbayev öz memuarında tarixi dəqiqliyi və şəxsi münasibəti birləşdirərək keçdiyi həyat yolu, ölkənin formalaşması və inkişafı dövrləri ilə bağlı xatirələrini bölüşür, respublikaya rəhbərlik etdiyi son bir neçə onillikdə baş verən siyasi hadisələri qiymətləndirir”, - agentlik yazır.
Kitabda Nazarbayev dövlət və hökumət başçıları və digər məşhur şəxsiyyətlərlə münasibətlərini təsvir edir.
Qeyd edək ki, Nazarbayevin bəhs edilən kitabı dekabrın 1-də işıq üzü görüb. Kitab 22 fəsildən ibarətdir və onların hər biri müəllifin şəxsi həyatından və ya siyasi karyerasından ayrı bir hadisəyə həsr olunub. Məsələn, Nazarbayev öz xatirələrində Qasım-Jomart Tokayevin Qazaxıstan prezidenti kimi varis seçilməsi qərarından və 2022-ci ilin yanvarında respublikada baş verən kütləvi etirazlardan danışıb.
Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxıstan Respublkasının ilk prezidentidir. O, prezident vəzifəsinə 1991-ci ildə seçilib və 2019-cu ilin mart ayına qədər bu vəzifəni icra edib.
Lakin Nazarbayev bundan daha əvvəl - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1989-1991), Qazaxıstan SSR Prezidenti (1990-1991) kimi də fəaliyyət göstərib.
Y.Məmmədli