Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Fidanla görüşmək üçün dünən axşam İstanbula gələn Blinken bu gün həmkarı ilə Vahdettin Köşkündə bir araya gəlib.

Görüş iki saata yaxın davam edib.

Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında yer alan paylaşıma görə, görüş zamanı Qəzzadakı müharibə, humanitar böhran, İsveçin NATO-ya qəbul prosesi, ikitərəfli və regional məsələlər müzakirə edilib.

Görüşdən sonra Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Vahdettin Köşkündə bağlı qapılar arxasında keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk də iştirak edib.

Qeyd edək ki, Blinken İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri bölgəyə dördüncü turuna çıxıb.

İlk dəfə bölgə turu çərçivəsində İstanbula gələn Blinkenin oradan Yunanıstana keçəcəyi gözlənilir.

Blinken Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edəcək və danışıqlar aparacaq.

Blinken həmkarları ilə görüşəcək və “bir sıra kritik məsələləri” müzakirə edəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN